AÇ-nin 1/8 finalına vəsiqə qazanan kollektivlər və cütlüklər
Fransada keçirilən Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, artıq 1/8 finala vəsiqə qazanan 16 komandanın da adı bəllidir.
Pley-offa qrup lideri kimi bu komandalar yüksəlib: Fransa, Uels, Almaniya, Xorvatiya, İtaliya, Macarıstan.
Qrupunda ikinci yeri tutmaqla mərhələ adlamış kollektivlər bunlardır: İsveçrə, İngiltərə, Polşa, İspaniya, Belçika, İslandiya.
Qrup üçüncüsü kimi ən yaxşı göstəriciyə malik dörd komanda da adını 1/8 finala yazdırıb. Bunlar qruplarında 4 xal toplamış Slovakiya və İrlandiya yığmaları, eləcə də 3 xal toplaya bilən Portuqaliya və Şimali İrlandiyadır. Düzdür, Türkiyə və Albaniya da qrup mərhələsini 3 xalla tamamlamışdı. Amma Portuqaliya və Şimali İrlandiya daha yaxşı top fərqinə görə azərbaycanlı futbolsevərlərin yaxından maraqlandığı qardaş ölkə təmsilçisini, eləcə də "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya seçməsini qabaqlayıb.
1/8 finalda qarşılaşacaq cütlükləri də təqdim edirik:
25 iyun
İsveçrə - Polşa
Xorvatiya - Portuqaliya
Uels - Şimali İrlandiya
26 iyun
Macarıstan - Belçika
Almaniya - Slovakiya
Fransa - İrlandiya
27 iyun
İtaliya - İspaniya
İngiltərə - İslandiya