Leyla Əliyeva Olimpiadanın 6-cı turunun oyunlarına baxıb
Bu gün “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının altıncı turu keçirilib. Azerisport.az xəbər verir ki, Olimpiadanın yeddinci günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bakı Crystal Hall”a gələrək yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib.
Leyla Əliyeva əvvəlcə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüb.
Fondun vitse-prezidenti kişilərdən ibarət Rusiya yığmasının kapitanı Andrey Filatov ilə də görüşüb, komandasına uğurlar arzulayıb.
Sonra Leyla Əliyeva Norveç komandasının üzvü, hazırkı dünya çempionu Maqnus Karlsen ilə filippinli Xulio Katalino Sadorra arasındakı görüşdə ilk gedişi edib.
Sonra Leyla Əliyeva Olimpiadanın sərgi salonuna baxıb.
Bildirilib ki, Olimpiadanın tamaşaçılarına “Baku Crystal Hall”da təşkil olunan sərgidə iştirak etmək imkanı verilir. Bu sərgidə şahmatla bağlı nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlarla bağlı plakatlar nümayiş olunur. Burada yaradılan virtual oyun zonası da böyük maraqla qarşılanır. Şəhərimizin sakinləri və qonaqlar zonada virtual olaraq istənilən şahmatçı ilə oynaya bilərlər.