Teymur Məmmədov: Məndə rəqibi özümdən zəif saymaq xüsusiyyəti yoxdu
Türkiyənin Samsun şəhərində keçirilən Avropa Olimpiya təsnifat turnirində 5 boksçumuz lisenziya qazandı. Ancaq yığmanın əsas üzvlərindən sayılan Teymur Məmmədov (81 kq) uğursuzluqla üzləşdi.
London Olimpiadasının bürünc medalçısı azerisport.az saytının suallarını cavablandırıb.
- Samsunda lisenziya qazanmağa nə mane oldu?
- Nə bilim? İdmanda belə şeylər olur. Udursan da, uduzursan da. Sadəcə, həmin gün mənim günüm deyildi.
- Bəlkə yaxşı formada deyildin?
- Əksinə. Hazırlıq səviyyəm çox yaxşı idi. İlk döyüşdə demək olar ki, 81 kq-da ən güclü boksçu sayılan Rusiya təmsilçisinə (Georgi Xusitaşvili) qalib gəldim.
- Sonrakı döyüşünü öz səhvlərin ucbatından uduzdun?
- Bəli.
- Bəlkə türkiyəli Mehmet Ünalın gücünü layiqincə qiymətləndirməmisən?
- Yox, mən belə düşünmürəm. Çətin döyüş olacağını gözləyirdim. Məndə rəqibi özümdən zəif saymaq xüsusiyyəti yoxdu. Bütün rəqiblərə eyni baxıram. İyunda Bakıdakı lisenziya turnirində arzuma çatmağa çalışacağam. Doğma rinq və azarkeşlərin dəstəyinin mənə kömək olacağını düşünürəm. Olimpiadaya vəsiqə qazanmaq üçün ilk beşliyə düşmək kifayət edəcək.
- Qarşıdakı hazırlıq planı necədi?
- Bazar ertəsindən məşqlərə başlayacağam. Şəxsi məşqçimlə hazırlıq keçəcəyəm. Mayın 13-dən isə yığmanın ABŞ-da növbəti təlim-məşq toplanışı start götürəcək.