Nadir Nəsibov: Gümüş medalı da qızıl kimi dəyərləndirirəm
Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi Milli Olimpiya Komitəsində basketbol üzrə U-18 və U-16 yığmalarımızın Avropa çempionatının C divizionundakı uğurlu çıxışı ilə əlaqədar komanda üzvləri ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, görüşdə çıxış edən federasiyanın prezidenti Nadir Nəsibov bunları söyləyib:
"U-18 San Marinoda böyük uğur qazandı. Endər Poladxanlı isə ən dəyərli oyunçu seçildi. Bu onu göstərir ki, yığmamızın böyük potensialı var. Biz federasiya olaraq 5, 7, 10 illik proqram üzrə işləyirik. U-18 gələn ildən U-20 kimi yarışlara qatılacaq. Bu komanda 5 il sonra əsas yığma olacaq. İnanıram ki, ölkənin şərəfini uğurla qoruyacaqsız gələcəkdə. U-16-nın gümüş medalını da qızıl kimi dəyərləndirirəm. Çünki bu komanda cəmi 7 aya formalaşmışdı".