Samit Nuruzadə: Onu əbəs yerə yığmaya götürməmişik

Həm əsas, həm də U-16 yığmamıza rəhbərlik edən Samit Nuruzadə bu gün yeniyetmə komandamızla birgə Qazaxıstandan qayıdıb. Baş məşqçi azerisport.az saytına müsahibəsində Atırauda keçirilən Xəzər Liqasından və Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan 3x3 basketbolu üzrə yığmamızdan danışdı.
- Qazaxıstandakı çıxış sizi qane etdi?
- Yarış çox yaxşı keçdi. Rusiya və Qazaxıstan komandalarına uduzduq. Türkmənistanın və Qazaxıstanın daha bir təmsilçisinə isə qalib gəldik. İran son anda komandasını Xəzər Liqasına göndərmədiyi üçün Qazaxıstan 2 komandayla turnirdə təmsil olunurdu. Məqsəd o idi ki, mümkün qədər çox oyun keçirilsin. Biz qazaxların U-18 komandasına uduzsaq da, çox yaxşı çıxış etdik. Həştərxanda 30 xal fərqiylə qalib gəldiyimiz Rusiya komandasının heyətində dəyişikliklər var idi. Onlar Rusiyada U-16 çempionatında qalib gəlmiş “Krasnodar”dan 5 basketbolçunu heyətlərinə qatmışdılar. Ancaq biz Atırauya optimal heyətlə yollanmamışdıq. Cəmi 8 basketbolçuyla yollanmışdıq. 2001 təvəllüdlü şagirdlər üçün dövlət imtahanı keçirilirdi. Bu səbəbdən 4 yığma üzvünü yarışa apara bilmədik. Turnirin vaxtını dəyişmək mümkün olmadığından Xəzər Liqasına 8 nəfərlə yollandıq. Ancaq bunu bəhanə kimi göstərmək istəmirəm. Öz gücümüzə baxanda yaxşı çıxış etdiyimizi söyləyə bilərəm. Liqanın Atırau mərhələsində 3-cü yeri tutsaq da, ümumi xalların cəminə görə 2-ci pillədəyik.
- Xəzər Liqasının növbəti 2 mərhələsi də keçiriləcək?
- Açığı, hələ bu mərhələlərin olub-olmayacağını bilmirəm. 3-cü mərhələ keçirilməsə, 4-cü mərhələdə iştirakçılar bir-birləriylə 2 dəfə üz-üzə gələcək. Bir mərhələnin Bakıda keçirilməsi variantı var. Ancaq təqvimlə bağlı problem yaranıb. Çünki bizdə keçiriləcək mərhələ vaxtı Türkmənistanda çempionat oyunları olacaq. Bu da onların Bakıya səfərini sual altına qoyur. Başqa tarixlərdə də yarışı biz keçirə bilmirik. Ortaq məxrəcə gəlməliyik. Bəlkə sentyabrın əvvəlində turniri keçirdik.
- 3x3 basketbolu üzrə yığmamız Avropa çempionatının seçmə mərhələsinə hazırlaşır. Bu periodda U-16 ilə Atırauya getməyiniz millimizin hazırlıq planına mənfi təsir etməyib?
- Yox. Yığmamızı gəncləşdirmək istəyirik. Bu səbəbdən yeniyetmələri nəzarətdə saxlayıram. U-16 ya mütləq rəhbərlik etməliyəm ki, keçid dövrü uğurlu alınsın. Sabah əsas komandayla Türkiyəyə yollanacağıq. Orda qısa müddətli toplanış keçəcəyik. Bir neçə yoxlama oyunu da keçirməyi planlaşdırırıq. İyunun 30-da Hollandiyaya yollanacağıq. Komandamız iyunun 19-23-də Gürcüstanda toplanış keçib. Orda da bir neçə yoxlama oyunu baş tutmuşdu. Yəni mən burda olmayanda əsas komanda diqqətdən kənarda qalmayıb.
- Türkiyədə neçə yoxlama oyunu keçirəcəksiz?
- 3-4 matç keçirmək istəyirik. Bəlkə bir gündə 2 oyuna çıxdıq. Orda məşq də keçmək istəyirik. Ancaq bilmirik ki, buna vaxt qalacaq, ya yox. Türkiyədə 3x3 basketbolu üzrə komandalar Universitetlərdən formalaşır. Onların da bir yerdə olmasından çox şey asılıdı. İki rəqibimiz bəllidi. İkisi də müəyyənləşmək üzrədi.
- Artıq seçmə mərhələnin təqvimi müəyyənləşib. İyunun 1-də Almaniya, Uels və Serbiyayla, növbəti gün isə Türkiyə ilə oynayacaqsız. Sizin üçün əvvəlcə güclü, yoxsa zəif komandayla oynamaq daha yaxşı olardı?
- 3x3 basketbolunda aşkar səviyyə fərqi yoxdu. Klassik basketbolla arada böyük fərq var. Burda taktika və ağıldan daha çox, bəxt və fərdi bacarıq amili ön plana çıxır. Atışlarda daha sərrast olan komanda qalib gəlir. 3x3 basketbolunda dünya çempionu adi komandaya da uduza bilər. Biz hələ bilmirik ki, rəqiblər turnirə hansı heyətlə qatılacaq. Hətta tanınmış basketbolçular belə 3x3 basketbolunda uğursuzluqla üzləşə bilər. Bizim komandamız çox güclüdü. Başqalarının yerinə olsaydım, Azərbaycan yığmasından çox qorxardım. Fikrimcə, hazırki heyətimiz Avropa Oyunlarındakı heyətimizdən daha güclüdü.
- Qrupdan çıxmaq şanslarımız yüksəkdi?
- Mən şansları 50-50-yə dəyərləndirirəm. Yaxşı oynasaq, hədəfimizə çatacağıq. Marşal Mozesin fiziki gücünə güvənirik. Ancaq biz yalnız ondan məhsuldarlıq gözləmirik. Davit Barbakadze, Amil Həmzəyev və fərdi keyfiyyətləri çox yüksək olan Zaur Paşayev də komandaya böyük fayda verə bilər. Paşayevin Gürcüstanın ən yaxşı klubunda oynaması təsadüfi deyil. Onu əbəs yerə yığmaya götürməmişik.