Tahir Baxşıyev: Güclü komandalarla qarşılaşmaq bizə müsbət təsir edəcək
U-18 basketbol yığmamız iyulun 8-dən 15-dək San-Marinoda keçiriləcək Avropa çempionatının C divizionuna hazırlığı davam etdirir. Millimiz A qrupunda Cəbəllütariq, Andorra və Monakoyla qarşılaşacaq. B qrupunda isə Uels, Malta, San-Marino, Kosovo və Moldova yer alıb.
Komandanın baş məşqçisi Tahir Baxşıyev azerisport.az saytına hazırlıq prosesindən danışdı: “Dövlət Neft Akademiyasının idman zalında məşq edirik. İki gün əvvəl Gürcüstandan qayıtmışıq. Qonşu ölkədə 2 yoxlama oyunu keçirdik. Əvvəlcə Gürcüstan klublarından birinin 18 yaşadək komandasıyla qarşılaşdıq və 20 xal fərqiylə qalib gəldik. Daha sonra Gürcüstanın U-20 yığmasıyla üz-üzə gəldik və 17 xal fərqiylə uduzduq. Həm yaş fərqi, həm də gürcülərdə basketbolun daha yaxşı inkişaf etməsi sözünü dedi. Ayın 23-də Gürcüstandan bir basketbolçu da düşərgəmizə qoşulacaq. Qaydalara görə hər komanda bir legionerdən istifadə edə bilər. Həmin basketbolçu oyun qurucusu və “2 nömrə” kimi oynaya bilir. İyunun 28-də Belarusa yollanacağıq. Orda bu ölkənin U-18 komandasıyla 2 yoxlama oyunu keçirəcəyik. Belarusda Gürcüstanın U-18 yığmasıyla da qarşılaşacağıq. Hər iki komanda Avropa çempionatının B divizionunda mübarizə aparır. Güclü komandalarla qarşılaşmaq bizə müsbət təsir edəcək. İyunun 28 və 30-da Belarusla, iyulun 2-də isə Gürcüstanla qarşılaşacağıq. İyulun 3-də vətənə qayıdacağıq. 3 gün burda məşq etdikdən sonra İtaliyanın Bolonya şəhərinə yollanıb, ordan San-Marinoya keçəcəyik”.
Baş məşqçi C divizionundakı rəqiblər haqda bunları dedi: “Ötən il Andorraya qrupda qalib gəlsək də, finalda uduzduq. İndi həmin komandayla yenə eyni qrupa düşmüşük. Ancaq bir şeyi qeyd edim ki, ötən il basketbolçularımızın 16-17 yaşı var idi. Yəni komandamızda dəyişiklik baş verməyib. Bu da bizim üstünlüyümüz sayılır. Andorra, Moldova və Kosovonun daha güclü rəqiblər olduğunu düşünürəm. Yarışın gedişində komandaların əsl gücü ortaya çıxacaq”.
Baxşıyev komandamızdakı basketbolçuların gücünə inanır: “Ötən il daha çox Endər Poladxanlı liderlik edirdi. Ancaq indi komandada bir neçə lider, oyunun taleyini dəyişə bilən basketbolçu var. Endərlə yanaşı, Ömər Əhmədzadə, Əkbər Məmmədov, Nicat Məmmədli və Elşad Şirzadov yüksək səviyyəli oyunçulardı. Hamısı yaxşı formadadı. Özlərini yaxşı tərəfdən göstərəcəklərinə inanıram”.