Fuad Niftəliyev: Yığmada canımı qoymağa hazıram
AZTOP-un çempionluğunda ən böyük pay sahibi Fuad Niftəliyev oldu. Təcrübəli oyun qurucusu azerisport.az saytına müsahibəsində NTD ilə final oyunundan, titula gedən yoldan və Avropa Oyunlarında heyətdən kənarlaşdırılmasından danışdı.
- Əvvəlcə son oyun haqda fikirlərini bilmək istərdik.
- Sevincimin həddi-hüdudu yoxdu. Bildiyiniz kimi, AZTOP həvəskar klubdu. Basketbolçuların demək olar ki, hamısı başqa yerdə işləyir. Həftədə cəmi 2 dəfə vaxt tapıb məşq edirdik. Axşam saat 8-dən 11-in yarısına kimi hazırlıq keçirdik. İkinci dövrədən məşqlərə başladıq. İlk dövrədə hazırlıq keçmirdik. Başqa komandaların hazırlıq prosesində iştirak edirdim ki, formamı qoruyub saxlayım. Bu üzdən qış fasiləsində AZTOP-dan ayrılıb daim məşq edən “Dərviş”ə keçməyi düşünürdüm. O zaman AZTOPa demişdim ki, komandaya çempion olmağa gəlmişəm. Bunun üçün məşq etməlisiz. Hamı mənə köməklik etməlidi ki, bir komanda olaq. Hamı məşqlərə gəldi və ciddi şəkildə hazırlıq keçməyə başladıq. Yarımfinaldan Elxan Əliyevin də bizə məşqçilik etməsinin faydası oldu.
- Sənə elə gəlmir ki, sən olmasaydın, AZTOP çempion ola bilməyəcəkdi?
- Bu suala mən cavab verə bilmərəm (gülür). Bunu başqa oyunçulardan soruşun. Əlbəttə, komandaya böyük faydamın olduğunu bilirəm. Hərdən oyun alınmayanda bəzi komanda yoldaşlarımla mübahisə edirdim, iradlarımı bildirirdim. Bütün komanda yoldaşlarıma dəstəyə görə minnətdaram.
- Çempionatın ən dəyərli basketbolçusu kimi görürsən?
- Öz adımı çəkə bilmərəm (gülür). Xarakterə görə Tahir Baxşıyevin adını çəkmək istəyirəm. Onun artıq çəkisi və zədəsi var. Amma ondakı həvəsə söz ola bilməz. Yarımfinalda “Bakı”ya 2:1 hesabıyla qalib gəldik. Tahir orda olmasaydı, biz daha rahat finala yüksələcəkdik. O həmişə xarakterli basketbolçu olub.
- Yeri gəlmişkən, titul sayında Baxşıyevi geridə qoydun.
- Tahir çempionluqlarını sayır, amma mən saymıram (gülür). Dəqiq bildiyim odu ki, 10-dan artıq titulum var.
- Hər mövsüm çempion olmaq üçün özündə necə motivasiya tapırsan?
- Avropa Oyunlarından sonra yarım ilə yaxın basketbola ara verdim. Məşq etmirdim. Heç bu mövsüm çempionatda oynamaq da istəmirdim. Ancaq AZTOP-dakı bəzi uşaqlar mənə dəstək verdi. Son günə kimi adım iştirak ərizəsində yox idi. Onların çağırışıyla fikrimdən daşındım.
- 3x3 basketbolu üzrə yığmamıza çağırılacağını düşünürsən?
- Son vaxtlar millidən məlumatım yoxdu. Hazırkı baş məşqçi Samit Nuruzadəylə ünsiyyətim olmayıb. Basketbolu o qədər sevirəm ki, mənim üçün fərqi yoxdu. İstər klassik, istərsə də 3x3 basketbolu üzrə yığmamızda canımı qoymağa hazıram.
- Bakı-2015-də heyətdən son anda çıxarılmağına görə kimlərdənsə incidin?
- Orda başqa söhbət oldu. Son günə kimi mənə heyətdə olduğumu demişdilər. Mən sözü bütövlüyü sevirəm. Demişdim ki, ya mənə “hə” deyin, ya da “yox”. Uşaq deyiləm, özümə görə adım var. Basketbolda da sözümü demişəm. Son anda mənə qarşı edilən o hərəkət düzgün deyildi. Mən basketbola canımı qoymuş adamam. Əvvəlcədən qulağıma çatmışdı ki, məni heyətə salmayacaqlar. Halbuki Avropa Oyunlarına qədər keçirilən bütün yarışlarda yığmada yer almış və özümü ən yaxşı tərəfdən göstərmişdim. Formalar paylanana qədər heyətdə yer alacağımı gözləyirdim. Amma mənə qarşı elə oyun oynadılar ki... Televiziyadan eşitdim ki, artıq Avropa Oyunlarının iştirakçılarını Atletlər Kəndinə yerləşdirirlər. Bunu mənə əvvəldən deməliydilər.
- Bu hadisədən sonra yenidən Elxan Əliyevlə işləmək çətin olmadı?
- Elxan müəllim mənə “böyük səhvə yol verdim. Gərək sən heyətdə olaydın. Amma heyətin müəyyənləşdirilməsi yalnız məndən asılı deyildi” söylədi.
- O zaman sənin heyətdən kənarlaşdırılmağını belə əsaslandırdılar ki, boyun 3x3 basketboluna uyğun gəlmir. Bu fikirlə razısan?
- Qətiyyən bununla razı deyiləm. Hollandiya və Türkiyədəki yarışlarda boyumun hündür olmamasını hiss etdirməmişdim. Yəni bu məsələ basketbolçunun səviyyəsindən asılıdı. Elə bəstəboy oyunçular var ki, ucaboy basketbolçulardan da daha çox fayda verir. Məsələn, Avroliqanın “Dördlər finalı”na yüksələn “Fənərbaxça”nın əsas oyunçularından sayılan Bobbi Dikson elə mən boydadı.