Samit Nuruzadə: Milli üçün 3 nəfərin adını çəkə bilərəm

Basketbol üzrə ölkə çempionatının finalını izləyənlər arasında yenicə yığmamızın baş məşqçisi təyin olunan Samit Nuruzadə də var idi. Mütəxəssis azerisport.az saytına müsahibəsində final, çempionat və yığmamız haqda sualları cavablandırdı.
- Mövsümü başa çatmış saymaq olar. Hər halda, artıq çempion bəllidi. Mövsümü necə dəyərləndirirsiz?
- İnşallah, 1-2 ilə bundan da yaxşı olacaq. Gördüyünüz kimi, hələ də yaşlı oyunçulardan qurulmuş komandalar qalib gəlir. Ancaq bazası 18 yaşadək basketbolçulardan qurulmuş NTD-nin gümüş medal qazanması da alqışlanmalıdı. Gələn ildən U-16 yığmamız da komanda kimi çempionata qatılacaq. Yeniyetmə və gəncləri bu yarışa qoşduqca tədricən çempionatın səviyyəsi də yüksələcək.
- Təsnifat mərhələsini lider kimi başa vuran NTD-yə çempion olmağa nə mane oldu?
- Yəqin ki, AZTOP rəqibin oyununu yaxşı “oxumuşdu”. Güclü və zəif tərəflərini yaxşı təhlil etmişdilər. Gənclər isə bu baxımdan təcrübəsiz idi. Məhz bu üzdən AZTOP-un çempion olduğunu söyləyə bilərəm.
- Çempionatın MVP-si kimi sayırsız?
- Məncə Fuad Niftəliyev ən yaxşı oyunçu oldu. Komandasının çempionluğunda böyük rolu oldu. Emin Mirzəyev də çox xoşuma gəldi.
- Milli üçün yeni adlar kəşf etdiz?
- Üç nəfərin adını çəkə bilərəm. NTD-dən Əkbər Məmmədov və Ömər Əhmədzadə, AZTOP-dan isə Emin Mirzəyev məndə yaxşı təəssürat oyatdı. Statistikalarına baxıb, necə güclü olduqlarını öyrənə bilərsiz. Bu onu göstərir ki, bizdə basketbol var. İndi bu idman növünü daha peşəkar səviyyəyə çatdırmalı və gəncləşdirməliyik.
- Bir aydan sonsa millimizi 3x3 basketbolunda Avropa çempionatının seçmə oyunları gözləyir...
- Bəli. Yayda 3x3 basketbolu yığmamız seçmə mərhələdə oynayacaq. Bir neçə oyunçunu millimiz üçün nəzərdən keçirmişəm. Ancaq adlarını çəkmək istəmirəm. Bakıda 2-3 təlim-məşq toplanışı keçəcəyik. Seleksiya işləri aparıb, yığmanın heyətini müəyyənləşdirəcəyik.
- Avropa Oyunlarında yığmamızda yer almış Marşall Moizes, Rolandas Əliyev və Orxan Aydını yenidən heyətə cəlb etməyi düşünürsüz?
- Bəli. Amma toplanışdan sonra bu suala dəqiq cavab verə bilərəm. Bəlkə heç onların xidmətinə ehtiyac duymadım. Yaxşı oyunçulardan imtina etmək ağılsızlıq olardı. Optimal heyəti müəyyənləşdirməliyik.
- Qrupdakı rəqibləri təhlil etmisiz?
- Hələ yox. Heyətimizi müəyyənləşdirdikdən sonra rəqiblərin müxtəlif yarışlardakı çıxışına “youtube”dan baxacağıq. Nəyə qadir olduqlarını öyrənəcəyik.