Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Ötən gecə (bazar günü) Bakıda 17 gün davam edən tarixi yarışların Bağlanış Mərasimi ərəfəsində Bakı 2015 Avropa Oyunları yüksək nüfuzlu qonaqları qəbul edib. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının birinci xanımı və Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva və Avropa Olimpiya Komitələrinin prezidenti cənab Patrik Hikki birinci Avropa Oyunlarını uğurlu şəkildə sona çatdırıb.
68 min nəfərlik Bakı Olimpiya Stadionunda keçirilən möhtəşəm və idman tarixinin bir hissəsi olan tədbirdə onlara Bolqarıstan Prezidenti Rosen Plevneliyev də qoşulub. Həmçinin, Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin və onun lixteynşteynli həmkarı Albert Flik də tədbirdə iştirak edənlər arasında olub.
Azərbaycan Respublikasının Gənclər və İdman naziri, həmçinin Bakı 2015-in Baş icraçı direktoru cənab Azad Rəhimov qeyd edib: “Avropa Oyunları dövlət başçıları, baş nazirlər, nazirlər kabineti üzvləri, Beynəlxalq Olimpiya Komitəsinin üzvləri, Avropa Olimpiya Komitələrinin üzvləri, həmçinin Beynəlxalq və Avropa Federasiyalarının rəhbərləri kimi olduqca önəmli qonaqları qəbul edib.
Onlar qarşılaşdıqları yüksək səviyyəli qonaqpərvərlik barədə öz münasibətlərini bildirmiş və burada olduqları bütün müddət ərzində onlara göstərilən xoş münasibətə görə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının birinci xanımına təşəkkürlərini bildiriblər.
"Mən əminəm ki, ölkəmizi ziyarət etmiş hər kəs dinamik, gənc və cəlbedici xalqın özünəməxsus qonaqpərvərlik mirası və mədəniyyəti barədə müsbət təəssüratla ayrılıb".