Ruslan Abışov: Mərc edirəm ki, Həsən Əliyevə yaxşı dəstək olsaq, o, Olimpiya çempionu olacaq

Azərbaycan yığmasının və "Qəbələ"nin müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi
- Bakı-2015 ilk Avropa Oyunları haqda nə deyə bilərsiniz?
- Avropa Oyunlarının Azərbaycanda keçirlməsini yüksək qiymətləndirmək lazımdır. Açılış mərasimini izləyəndə bir daha bu ölkənin vətəndaşı olduguma görə fəxr etdim. Əməyi keçən hər kəsə sonsuz təşəkkür düşür.
- Hansı idman növlərini xüsusi izləyirsiniz?
- Bakı-2015-də karate yarışlarını diqqətlə izlədim. Orada yaxın dostum Rafael Ağayevə xüsusi azarkeşlik edirdim. Çünki bu idmançının Qəbələdəki məşqlərini canlı izlədiyim zaman onun nəinki Avropanın, planetin ən güclü karateçisi olduguna bir daha əmin olmuşdum. O, həqiqətən də fəxr ediləsi idmançımızdır.
- Daha hansı idman növləri diqqətinizi cəlb edir?
- Güləş yarışlarında mükafat alan təmsilçilərimizi də təbrik edirəm. Həsən Əliyevin erməniyə uduzdugu görüşə gəlincə isə, sadəcə, bunu demək istəyirəm ki, bu idmançımıza indi daha çox dəstək olmaq lazımdır.
- Yəqin ki, Əliyevin mükafatlandırma mərasimi zamanı bu məğlubiyyətinə görə necə xəcalət çəkdiyini hiss etdiniz...
- Onun fəxri kürsüdə başını aşagı salaraq dayanmasını görmək mənə çox pis təsir etdi. İstənilən adamla mərc edə bilərəm ki, hamımız ona yaxşı dəstək olsaq, o, Braziliyadakı Yay Olimpiya oyunlarında ölkəyə qızıl medal gətirəcək. Çünki Həsən Əliyev kimi gənc güləşçiləri ölkə idmanına qazandırmaq elə də asan məsələ deyil. Avropa oyunlarında ölkəmizi təmsil edən bütün idmançılarımıza ugurlar arzu edirəm.
- Artıq Azərbaycanın 19 medalı var. Daha hansı idman növlərindən medal gözləyirsiniz?
- Bundan sonrakı yarışlarda boks, sərbəst güləş, avarçəkmə, taekvondodan daha çox medal gözləyirəm. Calişacağam çimərlik futbolu və voleybol millimizin oyunlarını canlı izləyim. Fürsətdən istifadə edib milli voleybolçumuz Ayşən Əbduləzimovaya da qarşıdakı oyunlarda uğurlar arzulayıram.
- Avropa Oyunlarını izləyəndə düşünmürsünüz ki, vaxtilə güləş və ya karateni seçsəydiniz, daha yaxşı olardı?
- Heç vaxt futboldan başqa digər idman növlərini arzu etməmişəm. Futbol mənim üçün təkcə idman növü yox, artıq heyatımın bir parçasıdır. Amma etiraf edim ki, bu Avropa oyunlarından sonra fərdi idman növlərinə marağım və həvəsim çox artdı. Çünki fəxri kürsüye qalxıb, himni səsləndirib, bayrağı yüksəklərə qaldırmaq imkanı futbolda olmur. Məhz bu özəlliyə görə fərdi idman növləri futboldan yaxşı mənada fərqlənir.