Niko Rosberq: Bakıda möhtəşəm iş görülüb
Azerisport.az Formula 1 üzrə Bakı qran prisində iştirak edəcək Niko Rosberq ilə müsahibəni təqdim edir.
- Bakı Şəhər Halqası ilə tanış oldunuzmu? Simulyatorda test etmisinizmi?
- Trek barədə azca da olsa, məlumatım var. Mühəndislər yeni mərhələ üçün hazılıqlar görürlər. Lakin simulyatorda hələ ki, test etməmişəm. Trekin konfiqurasiyasını görmüşəm. Məncə, çox möhtəşəm iş görülüb.
- Mövsümü necə xarakterizə edərdiniz?
- Hər şey yaxşıdır. Mən xoşbəxtəm. Uğurlarım üçün sevinirəm. Əlbəttə ki, rəqiblərimin mövsümə uğursuz başlamalarından faydalana bilmişəm.
- Yeni ölkəyə gəlincə ilk işiniz nə olur?
- Yeni mədəniyyətlər haqqında məlumat almağı çox sevirəm, insanların necə yaşadıqları haqqında maraqlanıram.
- Karyeranızla bağlı ən yadda qalan anı xatırlaya bilərsinizmi?
- Bir dəfə, bolidimdə kiminsə oturduğunu gördüm – ad günüm idi, dəbilqə hissəsi bağlı idi və orda oturan şəxs Vivian idi (Niko Rosberqin həyat yoldaşı). Mənə doğum günü sürprizi etmək qərarına gəlmişdi – onun gələcəyi haqqında məlumatım yox idi.
- Bu nə zaman baş verib?
- 13 il əvvəl. 2003-cü ildə. Formula 3 yarışlarında.
- Formula 1-ə nəyisə əlavə etmək imkanınız olsa, bu nə ola bilərdi?
- Çox sayda pərəstişkar.
- Bəs Azərbaycandakı pərəstişkarlarınıza nə demək istərdiniz?
- Bakı – möhtəşəm şəhərdir. Yarışın orada keçirilməsindən çox məmnunam. Bu inanılmaz yarışı öz gözlərinizlə görməyiniz üçün hər kəsi ora dəvət edirəm. Əminəm ki, hər şey yüksək səviyyədə keçəcək.
- İndi isə bu bu insanları və ya terminləri 3 sözlə ifadə edin.
- Berni Ekleston – Böyük boss, ağıllı, Xaç atası
Formula 1 - ən yaxşı idman növü, kübarlıq, sürət
Luis Hamilton – istiqamət verən, əla pilot, rəqibim
Fernando Alonso - ən yaxşılardan biri, ispan. Bu qədər.
Daniil Kvyat – rus, ümid, gənc pilot
2016 Avropa Qran Prisi – Mövsümün ən maraqlı yarışı, həyəcanlı, yeni sınaq.