"Bakıda çox sayda pərəstişkar görməyə ümid edirik"

Azerisport.az "Sauber" F1 komandasının üzvləri Markus Eriksson və Felipe Nasr ilə müsahibəni təqdim edir.
- Bakı Şəhər Halqasının sxemi haqqında nə deyə bilərsiniz? Simulyatorda test etmisinizmi?
Markus Eriksson: Deyə bilərəm ki, 6 km uzunluğunda olan Bakı treki çox uzundur, bundan əlavə Monako və Sinqapurdan sonra üçüncü şəhər treki olacaq. Simulyator olmadığından, Bakı Şəhər Halqasını test edə bilməmişik. Ona görə yarışdan öncə - dördüncü gün trek boyu gəzinti bizim üçün böyük əhəmiyyət kəsb edir.
Felipe Nasr: Bakı treki uzunluğuna görə Spadan sonra ikincidir və bildiyimə görə orada çempionatın ən uzun düzlüyü olacaq. Dördüncü gün trek ilə yaxından tanış olmalıyıq.
- Bakı və Azərbaycan haqqında nə bilirsiniz?
M.E: Düzünü desəm, çox məlumatım yoxdur, lakin yeni şəhərlərə səyahət etməyi çox sevirəm.
F.N: Eynən Markusun dediyi kimi, səbirsizliklə Bakıdakı yarışı gözləyirəm.
- Mövsümün başlanğıcını necə xarakterizə edərdiniz?
M.E: Bolidimiz Sauber C35-i nəzərə alsaq, şəxsən öz çıxışımdan razıyam. Komandaya gəldikdə isə, rəqabətə daha davamlı olmağı və xal uğrunda mübarizə aparmağı istərdim.
F.N: Mövsüm bir az çətin keçir. Lakin mövqeyimizi daha da yaxşılaşdırmaq üçün çalışırıq. Hər yarışa maksimum dərəcədə hazırlaşıram.
- Yeni trekə gəldikdən sonra illk işiniz nə olur?
M.E. Trek üzrə gəzintiyə çıxıram.
F.N. Markusun sözlərinə qatılıram.
- Əgər özünüzə bir rəqib seçsəniz – kim olardı?
M.E: Ronni Peterson.
F.N: Ayrton Senna.
- Bir neçə şəxsi sual: Dünyada Formula 1 yarışları olmasaydı nə ilə məşğul olardınız?
M.E: Hokkeyçi olardım.
F.N: Başqa idman növündə iştirak edərdim və ya mühəndis olardım.
- Bu il oxuduğunuz sonuncu kitab hansıdır?
M.E. Bu il kitab oxumamışam.
F.N: Andre Aqassinin bioqrafiyası.
- Sonuncu musiqi albomlarından sevdiyiniz üç albomu deyə bilərsinizmi?
М.E: Millencolin, Avicii, Calvin Harris.
F.N: Pink Floyd, Matisyahu, Pearl Jam.
- Hansı filmi gözləyirsiniz?
M.E: Hansısa filmi xüsusi olaraq qeyd etmək istəməzdim.
F.N: Hər hansı bir döyüş filmini.
- Azərbaycanda olan pərəstişkarlarınıza nə demək istərdiniz?
М.E: Çox sevinirəm ki, Formula 1-də yeni ölkə və yeni trekdə çıxış edəcəyik. Səbirsizliklə Bakıdakı yarışı gözləyirəm və ümid edirəm ki, bizi dəstəkləyən çox sayda pərəstişkar görəcəyik.
F.N: Hər zaman yeni ölkələrdə çıxış etməyi dəstəkləyirəm. Ümid edirəm ki, çox sayda pərəstişkar bizi dəstəkləməyə gələcək.