Ramil Quliyev olimpiadaya buraxılmadı
6 iyul 2012 03:39

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) azərbaycanlı sprinter Ramil Quliyevin 2012-ci il London Yay Olimpiya Oyunlarında Türkiyəni təmsil etməsinə icazə verməyib. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Habertürk”ün verdiyi məlumata görə, Türkiyə Atletika Federasiyası (TAF) Azərbaycan tərəfindən istədiyi icazəyə rədd cavabı aldıqdan sonra axırıncı ümid yeri kimi İAAF-a müraciət edib. Müraciətdə Quliyevin 2010-cu ildən Türkiyədə oturum icazəsinin olduğunu xatırladan qardaş ölkə federasiyası 22 yaşlı atletin London olimpiadasında çıxış etməsinə xüsusi icazə istəyib. İAAF isə İstanbuldakı dünya çempionatı öncəsi Keniya əsilli İlham Özbilən və Polat Arıkan üçün xüsusi icazə verməsinə baxmayaraq, bu dəfə xahişi rədd edib.
Qeyd edək ki, Ramil Quliyev 100 metr və 200 metr məsafələrə qaçış yarışlarında dünyanın ən sürətli sprinterləri arasında göstərilir. O, 3 il öncə “Fənərbağça”ya transfer olduqdan sonra Türkiyə vətəndaşlığını qəbul edib və Azərbaycanı təmsil etməkdən boyun qaçırıb. TAF Quliyevin London olimpiadasında “ay-ulduzlu” forma ilə qaçması üçün çalışıb. Azərbaycanlı atlet sonuncu dəfə Azərbaycanı 2009-cu ilin avqustunda Almaniyanın paytaxtı Berlində keçirilmiş dünya çempionatında təmsil edib. İAAF qaydalarına əsasən, başqa ölkənin şərəfini 3 illik fasilədən sonra qorumaq mümkündür. TAF bu müddəti azaltmaq istəyi ilə Azərbaycan Atletika Federasiyasına müraciət edib. Lakin ölkəmizin idman rəsmiləri Quliyevi yalnız 2012-ci il olimpiadasından sonra buraxa biləcəklərini deyərək, prinsipial mövqe nümayiş etdiriblər. Atletin özü isə Azərbaycan adından çıxış etməyəcəyini söyləyib. Nəticədə o, Londonda yarışmaqdan məhrum olub.