Millimiz Avropa çempionatına Polşada hazırlaşır
2 iyul 2013 18:54
İyulun 22-dən 28-dək Fransanın Cambrai şəhərində qadınlar arasında otüstü xokkey üzrə Avropa çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın qadın otüstü xokkeyçilərdən ibarət milli komandası qitə çempionatının yüksək dəstəsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.
2011-ci ildə keçirilmiş sonuncu qitə birinciliyində koreyalı məşqçilərin rəhbərliyi altında uğursuz çıxış edən yığmamız hazırda baş məşqçi Adil Paşayevin başçılığı ilə yenidən Avropanın 8 ən güclüsü sırasına vəsiqə qazanmaq üçün ciddi hazırlıq keçir.
Bu məqsədlə komandamız təlim-məşq toplanışı və yerli xokkeyçilərlə bir neçə yoxlama oyunu keçirmək üçün Polşanın Poznan şəhərinə yola düşüb.
Artıq xokkeyçilərimiz Polşanın milli komandası ilə iki yoxlama oyununda qüvvələrini sınayıblar. İlk görüşdə 3:4 hesabı ilə uduzmuş xokkeyçilərimiz ikinci oyunda 4:2 hesabı ilə qələbə qazanıblar.
Polşa xokkeyçiləri ilə axırıncı sınaq oyununu keçirdikdən sonra komandamız Çexiyanın paytaxtı Praqaya yola düşəcək. İyulun 3- 4-də və 7-də yerli xokkeyçilərlə qarşılaşacaq komandamız iyulun 5-də Avstriya yığması ilə də bir görüş keçirəcək.
Qeyd edək ki, qarşıdakı Avropa çempionatında millimizin “A” qrupundakı rəqibləri Ukrayna, Fransa və Litva təmsilçiləri olacaq. “B” qrupunda isə İtaliya, Rusiya, Polşa və Avstriya xokkeyçiləri yarışacaq.