Yığma komandamız ikinci oyunda da qalib gəldi
30 noyabr 2012 00:04

Azərbaycanın hokkey üzrə kişilərdən ibarət milli komandası Dünya Hokkey Liqasının birinci mərhələsində növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, planetin reytinq cədvəlində 38-ci yeri tutan kişi hokkeyçilərimiz ikinci turda Türkiyə ilə qarşılaşıb.
Komandamız qardaş ölkə təmsilçiləri üzərində böyük hesablı qələbə qazanıblar - 4:0. Qətər və Oman hokkeyçilərinin görüşündə meydan sahibləri rəqiblərini 4:3 hesabı ilə məğlubiyyətə uğradıblar.
Bu gün yarışda ümumi istirahət günüdü. Millimiz dekabrın 1-də Oman təmsilçilərini sınağa çəkəcək. Dekabrın 2-də - yarışın son günü isə həmyerlilərimiz Şri Lanka yığması ilə görüşəcək. Məhz həmin oyundan sonra kimin qalib adına layiq görülərək Dünya Hokkey Liqası yarışının 2-ci mərhələsində mübarizə aparmaq hüququ qazanacağına aydınlıq gətiriləcək. 2 turdan sonra Azərbaycan hokkeyçiləri 6 xalla yarış cədvəlinə başçılıq edir. Şri Lanka və Qətər komandaları 3 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri tuturlar. Rəqiblərinə nisbətən 1 oyun az keçirən Oman millisi xalsız 4-cü pillədədi. İlk 2 görüşdə məğlub olan Türkiyə yığması isə sonuncu yerdə qərarlaşıb.