Keçmiş azərbaycanlı idmançı rusiyalı xanımı partnyorundan ayırdı (FOTO)

Rusiyalı fiqurlu konkisürən xanım Yana Xoxlova uzun illərdə birgə çıxış etdiyi Sergey Novitskidən ayrılır. Azerisport.az xəbər verir ki, bunun əsas səbəbi Xoxlovanın özünə yeni partnyor tapmasıdır. Bu, rusəsilli kanadalı idmançı, vaxtilə Azərbaycanı da təmsil edən Fyodor Andreyevdir (şəkildə).
Rusiya fiqurlu konkisürmə ictimaiyyətini şoka salan xəbəri əvvəlcə çoxları 1 aprel zarafatı kimi qəbul etsələr də, Xoxlova və Andreyevin bir neçə çıxışından və birgə proqramlarının təsdiqləmək üçün Rusiya Konkisürmə Federasiyasına müraciətindən sonra hər şeyin ciddi olduğu üzə çıxıb. Çoxları Oksana Domnina – Maksim Şabalin cütlüyünün çıxışlarını başa vurmasından sonra 2014-cü il Soçi Olimpiadasında Rusiyanın qızıl medal ümidi hesab etdiyi Xoxlova – Novitski cütlüyünün ayrılmasının səbəbini “keçmiş azərbaycanlı” Andreyevin “əlaqələri” ilə bağlayır. Məsələ ondadır ki, Fyodor dünyanın ən güclü məşqçilərindən biri hesab olunan Marina Zuevanın oğludur. Zueva isə bir çox aparıcı duetlərin məşqçisidir. Bircə onu qeyd etmək kifayətdir ki, bir müddət əvvəl heç kəsin tanımadığı, Vankuver olimpiadasının qalibləri və gümüş mükafatçıları, müvafiq olaraq, Tesa Virçu – Skot Meyer (Kanada) və Meril Devis – Çarli Uayt (ABŞ) “cütlük”lərinin dünya elitasına qalxması Zueva ilə onun həmkarı İqor Şpilbandın əməyidir. Xoxlova ilə Andreyevin məşqçiləri də məhz Zueva – Şpilband cütlüyü olacaq.
Amma gzt.ru saytı yeni cütlüyün perspektivlərini elə də yüksək saymır. Portal Andreyev barədə danışarkən, onun “şübhəsiz, yaraşıqlı və ambisiyalı oğlan olduğunu, buz üzərində yaxşı göründüyü”, bundan əlavə, məşqçi təcrübəsinin olduğundan müasir elementlərin ifası ilə bağlı hər hansı probleminin yaranmayacağını qeyd edib. Bununla belə, rusiyalı həmkarlarımız “Kanadada rəqabətə dözməyən və xoşbəxtliyi Azərbaycanda axtaran” Andreyevin Xoxlova ilə birgə yüksək nəticə göstərə biləcəyinə şübhə ilə yanaşıb.
Ümumiyyətlə, karyerasına doğulduğu Kanadada başlayan Andreyev bir müddət Kanadanın şərəfini qorusa da, sonradan Azərbaycanla müqavilə bağlamış, amma üçrəngli bayrağımız altında çıxış etdiyi yarışlarda da elə bir uğur qazana bilməmişdi.