azərbaycanca

Гимнастика

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

29.07.2016 12:20

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı. Azerisport.az xəbər verir ki, bədii gimnastika üzrə milli yığmanın lideri, Azərbaycanı Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında təmsil edəcək Marina Durunda Milli Gimnastika Arenasında təşkil edilən yarışların bürünc medalına layiq görüldü.

Beynəlxalq yarışlarda onu dəfələrlə fəxri kürsüyə yüksəldən (İlk Avropa Oyunlarının gümüş, Avropa Çempionatının bürünc medalı) lentlə çıxışı FIG Dünya Kuboku finalında da Marinanı mükafatsız qoymadı. Lentlə final çıxışına görə o, hakimlərdən 18.500 xal alaraq 3-cü oldu.

Yarışlarda iştirak edən digər Azərbaycan təmsilçisi Jalə Piriyeva da uğurla çıxış etdi. Böyüklər proqramında bu ildən çıxış edən Jalə çoxnövçülükdə 14-cü oldu. Qeyd etmək lazımdır, istedadlı gimnast ilk dəfə olaraq dünya reytinqinə daxil olmuşdur.

Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celepdən ibarət Azərbaycan komandası isə qrup hərəkətləri üzrə yarışlarda 3 cüt gürzlər və 2 halqa və  5 lent ilə final çıxışlarına görə 5-ci yerlərə sahibləndilər.

Bakıda baş tutan Dünya Kubokunun finalında, həmçinin öncəki mərhələlərdə göstərilmiş ən yaxşı 4 nəticəyə əsasən birinci yeri tutan gimnastlar və qrupların xüsusi mükafatlandırma mərasimi keçirilmişdir.

Çoxnövçülükdə, fərdi çıxış proqramı üzrə Marqarita Mamun (Rusiya), qrup hərəkətləri proqramı üzrə Rusiya komandası Beynəlxalq Gimnastika Federasiyasının (FIG) mükafatına layiq görüldülər. Ayrı-ayrı alətlər – halqa, gürzlər və lentlə hərəkətlərin nəticələrinə əsasən Marqarita Mamun, topla hərəkətlərin nəticələrinə görə isə Aleksandra Soldatova (Rusiya) FIG-nin kubokuna sahib oldu.

Qrup hərəkətləri proqramı üzrə  5 lent və 3 gürzlər və 2 halqa ilə göstərilmiş nəticələrə əsasən, müvafiq olaraq Rusiya və Belarus komandası FIG-nin kuboku ilə mükafatlandırıldı.

Kubokda, həmçinin ən çox icra xalı olan gimnast və qruplar - Yana Kudryavtseva (Rusiya) və Rusiya komandası təşkilatçılar tərəfindən hazırlanmış AGF Trophy kuboku ilə təltif olundular.

Qeyd etmək lazımdır, Bakıda baş tutan kubok gimnastlara Rio-2016 Olimpiya Oyunları öncəsi öz çıxış proqramlarını sınaqdan keçirmək üçün şərait yaratdı.

Yüksək səviyyəli təşkilatçılıqla yanaşı, böyük tamaşaçı coşqusu ilə müşahidə olunan yarışlar əsl gimnastika bayramına çevrildi.

Yerli idmançılarla yanaşı, digər ölkələrdən olan gimnastların da tamaşaçılar tərəfindən böyük dəstək alması və hər proqramın çoxsaylı alqışlarla müşayiət olunması onlara xoş anlar yaşatdı və çıxışlarını daha da inamla nümayiş etdirməyə ruhlandırdı.

Quruluşu milli yığma komandanın Baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış mərasimi isə yarışları izləməyə gələn hər kəsi heyran qoydu. Fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca Şəhzadə” əsəri əsasında təşkil edilmiş şouda gənc gimnastların rəngarəng çıxışları bir-birini əvəz edərək izləyicilərə maraqlı anlar yaşatmışdır.

Kubok, həmçinin bir sıra yeniliklər və fərqliliklərlə yadda qaldı. Belə ki, yarışların keçirildiyi zalın dizaynında milli ornamentlərdən geniş istifadə edilmişdir. Burada gimnastların çıxış etdiyi xalça və mükafatların təqdim edildiyi guşə Azərbaycanın Qarabağ bölgəsinin “Çələbi” xalçaları ilə bəzədilmişdir. Eləcə də, gimnastlar üçün qurulmuş “Kiss&Cry” guşəsi də milli üslubda dizayn edilmişdir.

Bu yarışlarda zalın işıqlandırılması da fərqli formada təşkil olunmuşdur. Zalda işıq xalçaya yönəldilmiş və beləcə, bütün diqqətlər yalnız gimnastın çıxışına verilmişdir.

İlk dəfə olaraq, bu kubokda mükafatlandırılma mərasimi yarış meydançasında deyil, tamaşaçı tribunasında təşkil edilmişdir. Bu da tamaşaçılara mükafat almış gimnastlarla ünsiyyətdə olmaq üçün bir şans yaratmışdır.

Digər bir fərqlilik isə ondan ibarətdir ki, yarışların final mərhələsində çıxışlardan sonra xalların hesablanması zamanı canlı orkestr tərəfindən hər bir gimnastın ölkəsinin milli musiqisi ifa edilmişdir. Səslənən hər bir kompozisiya zalı doldurmuş tamaşaçıları daha da coşdurmuş və onların alqışları ilə müşayiət olunmuşdur.

Qeyd edək ki, Dünya Kuboku finalında xalların hesablanması sistemi və video nəzarəti “SmartScoring” tərəfindən təmin edilmişdir.

Kubok, həmçinin “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanmışdır. O cümlədən, Azərbaycan Gimnastika Federasiyasının internet sayt;nda təşkil edilmiş canlı yayım vasitəsilə digər ölkələrdəki bədii gimnastika həvəskarları da bu yarışları izləmək şansı əldə etmişdir.

Yarışlara yekunu isə məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının nümayiş olunduğu ənənəvi Qala-konsert vurmuşdur. Açılış mərasiminin məntiqi davamı olan bağlanış mərasimi də Azərbaycanın gözəlliklərini əks etdirmiş, izləyiciləri həm düşündürmüş, həm də onlara xoş anlar yaşatmışdır. (agf.az)

Просмотрено:775
вернуться в раздел
полная версия сайта