Vitali Vernidub: Bundan sonra daha təcrübəli, daha güclü Filip Ozobiç görəcəyik
"Qəbələ"nin müdafiəçisi Vitali Vernidubun azerisport.az saytına müsahibəsi
- İlin son turu çərçivəsində qarşılaşacağınız "Kəpəz"lə oyunun Qəbələyə salınması nə dərəcədə ürəyinizcə oldu?
- Meydan amilinə diqqət yetirməyə dəyməz. Məncə, matçın Qəbələdə keçirilməsi qonaqlar üçün də normal haldır. Çünki yaxşı meydanda daha yaxşı oyun sərgiləmək olur.
- Yeri gəlmişkən, "Kəpəz" kubokun yarımfinalında da rəqibiniz ola bilər...
- Bu barədə düşünməmişəm. Bizi hələ AZAL-la cavab oyunu gözləyir. Hansı ki, son dövrlər yaxşı oyun sərgiləyirlər. Onları keçək, sonra yarımfinal barədə danışarıq.
- Bu komanda ilə ilk oyunda çox çətinliklə qalib gəldiniz. Niyə?
- Ağır oyun oldu. Biz çoxlu qol epizodunu dəyərləndirə bilmədik. Qonaqların yeganə hücumu isə qolla nəticələndi və biz məğlubiyyətdən qaçmaq məcburiyyətində qaldıq. Şadam ki, əzmkar qələbə qazandıq.
- Bu hesab hələ yarımfinala çıxmağınız üçün zəmanət vermir...
- Biz yenə qələbəyə oynayacağıq. Ümid edirəm ki, qalib gələcəyik.
- "Qarabağ"a məğlubiyyətdən sonra (1:2) komandanızın oyunu alınmır. "Maynts"a uduzdunuz, Kubokda "Zaqatala" və AZAL-a çətinliklə qalib gəldiniz. Yəni hələ də psixoloji cəhətdən özünüzə gələ bilməmisiz?
- Demək çətindir. Ola bilsin ki, komandaya elə bu təsir edir. Amma böyük klublar üçün bu, səbəb olmamalıdır. Biz də məhz böyük klub olmaq istəyirik.
- Atanız - "Zarya"nın baş məşqçisi Yuri Vernidub Ukraynada ilin ən yaxşı məşqçisi seçilib. Onu təbrik etdiniz?
- Bəli, təbrik etdim. Atam bu mükafata layiq idi. Ümid edirəm ki, bu, onun son uğuru olmayacaq.
- Filip Ozobiçin Xorvatiya yığmasına dəvət almasına təəccüblənmədiniz?
- Komandamızda hər kəs ona görə sevinir. Biz ona yığmada uğurlar arzulayırıq. Ümid edirəm ki, komandasının heyətində möhkəmlənə biləcək.
- Sizcə, Ozobiç Rakitiç və Modriç kimi ulduz futbolçularla rəqabət apara biləcək?
- Əlbəttə, belə oyunçularla rəqabət aparmaq çətin olacaq. Amma Filip üçün bu çağırış böyük təcrübə olacaq. Xorvatiya yığmasının toplanışından sonra biz daha təcrübəli, daha güclü Ozobiç görəcəyik.