Qadın güləşçilərimiz ilk gündə 5 medal qazandılar
Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə 20-ci beynəlxalq turnir keçirilir. Azerisport.az xəbər verir ki, turnirin ilk günü qadın güləşçilərimiz 1 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıblar.
48 kq-da mübarizə aparan Mariya Stadnik bütün rəqiblərinə 1 xal da vermədən tam üstünlüklə məğlub edərək, qızıl medala sahib olub.
55 kq-da Anjela Doroqan finala qədər irəliləsə də, finalda rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.
55 kiloqramdakı digər güləşçimiz Almaz İsmayılova bürünc medal görüşündə yerli güləşçini məğlub edib bürünc medala sahib olub.
60 kq-da Tatyana Omelçenko yerli güləşçiyə məğlub olsa da, Belaruslu rəqibinə qalib gələrək bürünc medal qazanıb.
69 kq-da Gözəl Zutova isə bürünc medal görüşündə yerli güləşçini məğlub edərək, bürünc medal qazanıb.
Beləliklə yarışın ilk günü xalça üzərinə çıxan bütün güləşçilərimiz medal qazanmağı bacarıblar.