Güləşçilərimiz Hərbçilərin Dünya İdman Oyunlarında ilk gün 1 bürünc medal qazanıb
Koreyanın Mungyeong şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunları keçirilir. Azerisport.az xəbər verir ki, yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edir.
Sərbəst güləş yarışlarının ilk günündə 57, 65, 74 və 97 kq çəkidə güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.
65 kq-da mübarizə aparan Ağahüseyn Mustafayev əvvəlcə Almaniya təmsilçisi Kevin Henkeli (11:0), ardınca Hindistanlı Raniş Ranişi (10:0) məğlub edib. Yarımfinalda Rusiya təmsilçisi Maqomed Kurbanaliyevə (1:3) hesabı ilə uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Ukraynadan Vasil Şuptarla görüşü (5:0) qalib tamamlayan Ağahüseyn Mustafayev yarışların bürünc medalını qazanıb.
57 kq çəkidə yarışlarda iştirak edən Ruslan Qasımov ilk görüşdə Rusiya təmsilçisi Azamat Tuskaevi (3:2) məğlub edərək mübarizədən kənarlaşdırıb. Yarımfinalda Qazaxstanlı Vladimir Kudrinə (5:10) uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Ancaq Hindistanlı Manqal Kadyanla görüşü də (4:11) uduzan Ruslan yarışları 5-ci sırada tamamlayıb.
Sərbəst güləş yarışlarının ikinci günündə Mircəlal Həsənzadə (61 kq), Coşqun Əzimov (70 kq) və İbrahim Yusubov (86 kq) xalça üzərinə çıxacaq.