Sərbəst güləşçilərimiz Yaşar Doğunun xatirə turnirinə hansı heyətlə gedir?
28-29 mart 2015-ci il tarixdə Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 43-cü beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamız da iştirak edəcək.
Məşqçilər Nazim Əlicanov və David Kurtsiyanın rəhbərliyi altında turnirə 10 güləşçimiz yollanıb. Heyətdə Etibar Hacıyev, Əfqan Xaşalov, Ruslan Qasımov (hamısı 57 kq), Cəlal Süleymanov, Ruhlan Məmmədov (hər ikisi 61 kq), Ağahüseyn Mustafayev, Gitinomaqomed Hacıyev (hər ikisi 65 kq), Hacımurad Ömərov (70 kq), Əşrəf Əliyev (74 kq) və Aleksandr Qostiyev (86 kq) yer alıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edəcək.
Turnirin proqramına əsasən, martın 28-də 57, 65, 74 və 97 kq, martın 29-da isə 61, 70, 86 və 125 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaq.