Güləşçilər Gələcəyin Olimpiyaçıları açıq Respublika turnirində sınaqdan keçiriləcək
2-3 oktyabr 2014-cü il tarixdə Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələr arasında "Gələcəyin Olimpiyaçıları" açıq Respublika turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirin məqsədi ölkəmizdə sərbəst və yunan-Roma güləşlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkar etmək və yarışın nəticələrinə əsasən perspektivli idmançıların yığma komandaya cəlb edilməsindən, həmçinin xarici ölkələrin və MDB ölkələrinin idmançıları ilə dostluq əlaqələrini möhkəmlətməkdən ibarətdi.
Yarışlarda müxtəlif çəki dərəcələrində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr iştirak edə bilər. 2002-ci il təvəllüdlü idmançılar valideynlərin razılığı və həkim arayışı ilə yarışa buraxılır. Turnirdə rəqabəti artırmaq məqsədilə Türkiyə, İran, Ukrayna, Qazaxıstan, Rusiya və Gürcüstan komandalarının iştirakı nəzərdə tutulub.
Yarışın hazırlanmasına və keçirilməsinə Azərbaycan Güləş Federasiyası rəhbərlik edir. Yarış Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında keçiriləcək və görüşləri Azərbaycan Güləş Federasiyanının təsdiq etdiyi hakimlər kollegiyası idarə edəcək.
Fəxri kürsünün ilk üçlüyündə qərar tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək. (AGF)