Zirvəçilər Türkiyədə 2 gümüş, 1 bürünc qazandılar
Türkiyənin Antalya şəhərində ağır atletika üzrə kişi və qadınlar arasında İslam Həmrəyliyi İdman Federasiyalarının III çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, “Zirvə” İdman Klubu öz beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində bu mötəbər turnirə sponsorluq etmək qərarına gəlib. Bu yolla tək Azərbaycan deyil, həm də Türkiyə və dünya ağır atletikasına dəstək vermək məqsədi güdən klub bu siyasətini davam etdirəcək.
Yarışın özünə gəlincə, ölkəmizi 6 idmançı təmsil edir. Kişi yığmamızın heyətində 5 ağırlıqqaldıran yer alıb ki, onlardan ikisi Məhəmməd Məmmədli (62 kq) və Elşad Şərifov (77 kq) “Zirvə” İdman Klubunun yetirmələridir. Digər üç atlet isə Allahyar Abışov (56 kq), Rauf Nəbiyev (69 kq) və Həmid Qocayevdir (85 kq).
Qadınların yarışında isə cəmi bir atlet Azərbaycan bayrağını fəxri kürsüdə dalğalandırmaq üçün mübarizə aparıb. Bu, “Zirvə” İdman Klubunun nümayəndəsi Elnarə Abbasovadır (58 kq).
56 kq çəki dərəcəsində mübarizə aparan Allahyar Abışov 231 kq (104+127) toplam çəki qaldıraraq gümüş medal qazanıb. Fəxri kürsünün ikinci pilləsinə qalxan həmyerlimiz yalnız iraqlı həmkarı – 246 kq (109+137) nəticə götərən Əli Əhməddən geri qalıb.
Qadınların yarışında Azərbaycanı təmsil edən Elnarə Abbasova da ona olan etimadı doğruldub. “Qazax-Zirvə” İdman Klubunun nümayəndəsi 63 kq çəki dərəcəsində mübarizə aparıb. O, toplamda 172 kq (77+95) nəticə göstərərək gümüş medala yiyələnib.
Kişi yığmamızın heyətində “Zirvəçilər”dən Elşad Şərifov 77 kq çəki dərəcəsində mübarizəyə qoşulub. O, birdən qaldırma hərəkətində 127 kq, təkanla qaldırmada isə 162 kq-ın öhdəsindən gəlib. Toplamda 289 kq (127+162) nəticə göstərən Elşad bürünc medala sahib çıxıb. O, fəxri kürsüdə türkiyəli Daniyar İsmayılov (330 kq) və iraqlı Saad Sarmadla (296 kq) birlikdə yer alıb.