Millimiz Avropa çempionatında mübarizəyə başlayır
Bu gün Polşanın Poznan şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, nüfuzlu yarışda Azərbaycanı 4 avarçəkən təmsil edəcək.
Onlardan ilk olaraq, mübarizəyə Cavid Əfəndiyev başlayacaq. 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) 2000 metr məsafəyə yürüşdə onun rəqibləri Rayko Hrvat (Sloveniya), Mads Rasmussen (Danimarka), Nunu Mendeş (Portuqaliya) və İrji Kovalski (Polşa) olacaq. Yürüş Bakı vaxtı ilə saat 12:35-də başlanacaq.
Saat 14:10-da start xəttinə İqor Luçiç - Boris Yotov dueti çıxacaq. 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşdə onların rəqibləri Julius Hirtsberger - Klemens Obrext (Avstriya), Marko Maryanoviç - Aleksandr Filipoviç (Serbiya), Oleq Qonorovski - Fani Fridman (İsrail) və Nils Yakob Hoff - Kyetil Borx (Norveç) duetləri olacaq.
Nəhayət, saat 15:00-da Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə yürüşə başlayacaq. O, Andriya Slyukiç (Serbiya), İoan Prundyanu (Rumıniya), Hannes Obreno (Belçika) və Markus Kesslerlə (İsveçrə) yarışacaq.
Qeyd edək ki, hər 3 yürüşün yekununda ilk 2 yerin sahibləri birbaşa yarımfinal mərhələsinə, qalanları isə təsəlli yürüşünə vəsiqə qazanacaqlar.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti