3-cü mərhələnin 2-cisi
Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Hainan" veloyürüşünün bu gün keçirilən 3-cü mərhələsi Azərbaycanın "Synergy Baku" kontinental komandası üçün kifayət qədər uğurlu alınıb. Azerisport.az xəbər verir ki, 134.7 km-lik bu mərhələdə komandamızın üzvü Maksim Averin finiş xəttini 2-ci keçib.
Qeyd edək ki, Maksim Averin ötən ayın əvvəlində Çində keçirlən "Tour of China" veloyürüşü zamanı ağır zədə almışdı və bu səbəbdən xeyli müddət idi ki yarışlarda iştirak etmirdi. Zədədən sonrakı ilk yürüş isə yığma komandamızın üzvü üçün uğurlu alınıb - o, "Tour of Hainan"ın 3-cü mərhələsinin qalibi ilə eyni göstəriciyə imza atsa da, fotofinişə əsasən 2-ci yeri tutub - 3 saat, 5 dəqiqə, 9 saniyə.
"Synergy Baku"nun digər üzvlərinə gəlincə, Aleksandr Surutkoviç, İsmayıl İlyasov, Elçin Əsədov, Kristof Şvayzer və Samir Cəbrayılov da eyni nəticə ilə finiş xəttini keçən pelotonun içərisində olublar. Bu mərhələdə əldə etdiyi nailiyyət Maksim Averinə ümumi sıralanmada 40-cı yerdən 7-ci pilləyə yüksəlməyə şərait yaradıb. Hazırda velosipedçimiz liderə cəmi 6 saniyə uduzur. İlk "onluq"da daha bir təmsilçimiz var - bu, 8-ci yerdə qərarlaşan Aleksandr Surutkoviçdir.
Komanda hesabında "Synergy Baku" 8-ci yerdən 4-cü pilləyə qalxıb. Sabah keçiriləcək 4-cü mərhələdə velosipedçilər 145.8 km məsafə qət edəcəklər.