Media Kubokunun qalibləri məlum oldu
22 iyul - Milli Mətbuat günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası "Media Kuboku" adı altında velosiped yarışı təşkil edib. Azerisport.az xəbər verir ki, veloparkda keçirilən yürüşdə ölkənin müxtəlif media qurumlarını təmsil edən 40-a yaxın həvəskar velosipedçi iştirak edib.
Kifayət qədər gərgin idman mübarizəsi şəraitində keçən yarış yarımfinal və final mərhələlərindən ibarət olub. Beynəlxalq Velosipedçilər İttiqafının qaydalarına əsasən təşkil olunan yarışın 2700 metrdən ibarət yarımfinal mərhələlərində ən yaxşı nəticə göstərən 8 iştirakçı finala vəsiqə qazanıb. Beləliklə, 4500 metrdən ibarət həlledici yürüşdə 16 kişi və yarışın yeganə xanım iştirakçısı Aysel Sultanova iştirak edib.
Hər biri 900 metrdən ibarət 5 dövrəni hamıdan tez Vüsal Mirzəyev başa vurmaqla "Media Kuboku"nun qalibi olub. 2-3-cü yerləri isə Savalan Vəlibəyovla Əfqan Bayramov tutub.
Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası, "Synergy Group" ASC və "United Sport" idman malları mağazası tərəfindən qiymətli hədiyyələrlə təltif ediliblər. Bundan başqa, yarışın qalibi AzVIF tərəfindən qiymətli velosipedlə də mükafatlandırılıb.