Azad Əsgərov: İdmançının ölümündə günahımız yoxdur
Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov Hövsan Olimpiya Kompleksində Azərbaycan çempionatında baş verən ölüm hadisəsiylə bağlı açıqlama verib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk olaraq mətbuatda qaydasız döyüş üzrə Azərbaycan çempionatının keçirilməsinin qeyd olunması barədə söyləmək istərdim. Yarış həvəskarlar arasında MMA üzrə idi. Qaydasız döyüş deyildi. Gördüyünüz kimi idmançılar dəbilqədə idi. Ölüm hadisəsinə gəlincə hər şey ani oldu. Ramin Zeynalova güclü zərbə də dəyməyib. Rinqdə yerə yıxıldığı zaman huşunu itirdi. Bu idman növü riskli olsaydı, oğlumu bu idmana qoymazdım. Həmin gün çempionatda oğlum da iştirak edib.
İdmançının ölümündə bizim günahımız yoxdur. Ramin Zeynalov neçə illərdir idmanla məşğul olur. Əvvəllər taekvando və kikboksinqlə məşğul olub. Sağlamlığı barədə həkimdən sənədini bizə təqdim edib. Allahın qisməti imiş. Ola bilər səhhətində problemi olub. Dəfn mərasimində iştirak edərək ailəsinə bağsağlığımızı çatdırdıq. Müəyyən köməklik göstərməyə çalışdıq. Ailə üzvləri də dedi ki, Raminin ölümündə bizim günahımız yoxdur".