AGİN cüdoçuların problemini həll etdi
Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov cüdo üzrə milli komandanın üzvləriylə görüşüb. Azerisport.az xəbər verir ki, nazir müavini idmançıların problemiylə maraqlanaraq hər zaman onlarla görüşə hazır olduğunu bildirib. Cüdoçular əsasən iki məqamdan narazılığını söyləyib. Milli üzvləri xarici ölkələrə səfər zamanı onlara gündəlik xərclərin verilməməsi və məvaciblərinin az olmasıyla bağlı şikayət edib.
İclas zamanı bütün cüdoçulara beynəlxalq federasiyanın reytinq cədvəlindəki mövqeyinə görə məvacib verildiyi deyilib. Buna cavab olaraq yığma üzvləri mütəmadi olaraq yarışlara ezam olunmadığından reytinqdə irəliləməyin çətin olduğunu vurğulayıb. Qərara alınıb ki, bundan sonra idmançıların xarici ölkələrə səfəri zamanı gündəlik xərcləri ödəniləcək, üstəlik məvaciblər 3 ay ərzində dəyişməyəcək. Bu müddət ərzində nəticə qazana bilməyəcək yığma üzvlərinin məvacibinə yenidən baxılacaq. Uğur qazanan idmançıların məvacibi isə artacaq.
Qeyd edək ki, iclasda ACF-dan yığmanın baş məşqçisi Hacıağa Hacıəhmədov, milli komandalar üzrə koordinator Ağayar Axundzadə, vitse-prezident Elnur Məmmədli iştirak edib.