Emin Nuri: Qarabağla milli komandamızın uğurları əlaqəlidir
İsveçin "Kalmar" klubunun müdafiəçisi, Azərbaycan yığmasının sabiq üzvü Emin Nuri "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki çıxışından söz açıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məncə, Azərbaycan yığması ilə "Qarabağ"ın uğurları əlaqəlidir. Yəni, Ağdam klubunun Avroliqadakı uğurlu çıxışı millimizin də seçmə mərhələdəki oyunlarına təsirsiz ötüşmür. "Qarabağ"ın İtaliya "Fiorentina"sı ilə oyununa baxdım. Fikrimcə, ağdamlılar həyəcanı üzərlərindən ata bilsəydilər, bu rəqibə qalib gələrdilər. İstənilən halda bu, Azərbaycan futbolu üçün yaxşı nəticədir ki, təmsilçisi pley-offa vəsiqə uğrunda mübarizə aparır. Yəqin ki, Ağdam klubu qarşıdakı mövsümlərdə bu illər ərzində topladığı təcrübədən daha yaxşı yararlana biləcək. "Qəbələ"yə gəlincə, bu komandanın oyunlarını izləməyə xüsusi imkanım olmayıb. Amma nəticələrindən xəbərdaaram. Bilirəm ki, xal toplamasalar da, yaxşı mübarizə aparıblar. Uşaqlara halaldır".