Muarem Muarem: Rəqibin 2-ci qolunda ofsayd var idi
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi
- "Qarabağ" ardıcıl üçüncü ildir qrupdan çıxa bilmir. Bu dəfə nə mane oldu?
- Bəli, üç mövsümdür eyni aqibəti yaşayırıq. Hər dəfə son tura qədər şansımız olur, amma həlledici anda istəyimizə çata bilmirik. Fikrimcə, "Fiorentina"ya qarşı yaxşı oynadıq. İtaliya klubu da yaxşı mübarizə apardı.
- Yəqin ki, Dino Ndlovunun birinci hissədə qapı dirəyini nişan alması sizi də çox məyus etdi...
- Həmin epizodda qol vursaydıq, hər şey tam fərqli olardı. Sonra italyanların da zərbəsi dirəkdən döndü. "Fiorentina" təcrübəli komandadır.
- Fasilədə əvəzlənməyinizə nə səbəb oldu?
- Mənimlə bağlı bir problem yoxdur, baş məşqçinin qərarıdır. Təbii ki, 90 dəqiqə oynamaq istərdim. Hörmətlə yanaşmaq lazımdır.
- “Qarabağ” bu gün təcrübəsizliyin qurbanı oldu?
- Təcrübəsizlik deməzdim. Biz 3 ildir avrokubokda oynayırıq.
- Hesabı bərabərləşdirən kimi yenə qol buraxdınız...
- Deyilənə görə, onların ikinci qolunda “ofsayd” varmış. Biz də oyundan sonra izlədik.
- Ofsayd var idi?
- Oyundan kənar epizod imiş. Lakin çox danışmağa gərək yoxdur. Onlara uğurlar arzulayıram. Xeyirlisi.
- Soyuq hava problem yaratmadı?
- Matçın əvvəlində bir az problem oldu, amma sonradan oyun qızışdı. Qazonun durumuna gəlincə, hər iki komanda eyni şərtlər altında oynadı. Ona görə də belə məqamları bəraətə çevirmək olmaz.
- Oyunun taleyini fərdi səhvlər həll etdi?
- Onların da səhvləri də oldu, bizim də. Yenə də Dinonun epizodunu qeyd edərdim. Qol çox şeyi dəyişdi.
- İvan Bebek necə oyun idarə etdi?
- Mən onu bir az tanıyıram. Amma bu oyunda səhvə yol vermədi. O, hər iki komanda üçün müxtəlif qərarlar qəbul etdi.