Ramin Musayev: Səviyyə fərqi sözünü dedi
PFL prezidenti Ramin Musayev "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində çıxışını başa vurmasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" - "Fiorentina" oyunundan razı qaldım. Ən azından ona nail oldular ki, İtaliya klubu kimi bir rəqib çempionumuzdan çəkinirdi. Amma təbii ki, səviyyə fərqi sözünü dedi. Dino Ndlovu birinci hissədəki qol şansından yararlana bilsəydi, bu gün bəlkə də fərqli nəticədən danışardıq".
"Roman Qriqorçuka hörmətim var. Amma belə ehtiyat qüvvə ilə "Qəbələ"dən fərqli nəsə gözləmirdim. Ümid edirəm ki, onlar növbəti avrokubok mövsümlərində daha yaxşı nəticələrə imza atacaqlar".
PFL prezidenti AFFA-nın baş katibi Elxan Məmmədovun Qurban Qurbanovu ilin ən yaxşı baş məşqçisi hesab etməsinə də münasibət bildirib: "Elxan Məmmədov belə deyirsə, mən də onu dəstəkləyirəm" (gülür).
Musayev Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Əliyar Ağayevin birinci kateqoriyaya keçəcəyinə dair açıqlamasına da toxunub: "Belə bir şey ola bilməz. Ola bilsin ki, o, belə bir arzusunun olduğunu açıqlayıb. Çünki Xaqani yalan danışan adam deyil. FİFA hələ siyahını açıqlamayıb. Əvvəllər bu qərarlar ildə iki dəfə - yanvar və iyunda açıqlanırdı. Bu dəfə isə yəqin ki, yeni siyahı iyunda açıqlanacaq".