Petar Franyiç: Mayntsda da Anderlextlə matçdakı kimi oynamağa çalışacağıq
"Qəbələ"nin yarımmüdafiəçisi Petar Franyiç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Maynts" klubuna qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- Son oyunda ilk xalınızı qazana biləcəksiniz?
- Oyuna yaxşı hazırlaşmalıyıq. Bizim üzərimizdə "Maynts"da olduğu kimi, təzyiq yoxdur. "Anderlext"ə qarşı oynadığımız kimi mübarizə aparmağa çalışacağıq. Ümid edirəm ki, Almaniyadakı oyunda uğur qazanmaq şansımız olacaq və nəticə əldə edəcəyik.
- Qrup mərhələsinə başlayarkən çıxışınızın belə uğursuz alınacağını düşünürdünüz?
- Biz çox yaxşı matçlar keçirmişik. Əksəriyyətində bəxtimiz gətirməyib. Əks halda indi hesabımızda xal olardı.
- Qarşıda sizi AZAL-la kubokun 1/4 final oyunları da gözləyir. "Maynts"la oyun nəyisə dəyişmir, amma "təyyarəçilər"lə qarşılaşma həlledicidir...
- AZAL yaxşı komandadır. Onlar da bizə qarşı "Zaqatala" kimi, sonadək mübarizə aparacaqlar. Amma biz öz oyunumuzu göstərə bilsək, heç bir problem olmaz.
- "Zaqatala"nı niyə çətinliklə keçə bildiniz?
- Rəqib Birinci Divizion klubu olsa da, bizə qarşı çox yaxşı oynadı. Çoxlu qol şansı əldə etdiyimiz halda, onlardan lazımınca yararlana bilmədik. Fikrimcə, həmin şanslardan kifayət qədər yararlansaydıq, əlavə vaxta, penalti seriyasına ehtiyac qalmazdı.
- Penalti seriyası zamanı kubokdan kənarda qalacağınızı düşünmədiniz?
- Kubok bizim üçün önəmli turnirdi. Ölkə kubokunun qalibi olmaq istəyirik. Penalti seriyası zamanı heç nədən ehtiyatlanmırdım. Çünki vəzifəmizin öhdəsindən gələcəyimizə əmin idim. Şadam ki, mərhələ adladıq.
- Bəs Premyer Liqada "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmaq şanslarınızı necə qiymətləndirərdiniz?
- "Qarabağ"dan geri qalmamağa çalışırıq. Hazırda arada 3 xallıq fərq var. Bunu aradan qaldırmaq lazımdır. Əlbəttə, hələ mövsümün sonuna çox qalır və indidən dəqiq nəsə demək çətindir. Hər şeyi mövsümün sonunda görəcəyik.