Samir Abasov: İlk dövrədə məhz hakimə görə xal itirdiyimizi isbatlamaq istəyirik
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ümid edirəm ki, bu rəqiblə ilk dövrədəki oyunda üzləşdiyimiz aqibəti yaşamayacağıq. Amma hər şey ola bilər. Bu barədə düşünmürəm. Mübarizə aparacağıq. "Qarabağ"la oyundakı "soyuq duş"dan sonra yaxşı oynamağa borcluyuq. Həmin biabırçı oyunu unutdurmaq istəyirik. Yaxşı çıxış edəcəyimizə ümidliyəm. Qəbələdəki oyunda ədalətsizliklə üzləşmişdik. Həmin oyunda məhz hakimə görə xal itirdiyimizi isbatlamaq istəyirik. Həyəcansız, sakitcə öz oyunumuzu sərgiləməliyik. İntizamlı komandaya qarşı mübarizə aparacağımızı anlayırıq. Səviyyəli futbolçuları var. Alınsa, yaxşı nəticə qazanmaq istəyirik".