Qarabağ yenə Azərbaycanın ən yaxşısıdır
UEFA Avropa klublarının yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan klublarından da yeddisi bu siyahıda yer alıb.
Ən yaxşı göstərici yenə "Qarabağ"a məxsusdur. Bu komanda 15,950 xalla 111-ci sırada qərarlaşıb.
Ağdam klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Fiorentina" (İtaliya) 60,966 xalla 24-cü, PAOK (Yunanıstan) 29,640 xalla 60-cı, "Slovan" (Çexiya) isə 23,735 xalla 82-cidir.
Avroliqadakı digər təmsilçimiz "Qəbələ" 7,700 xalla 181-ci sırada qərarlaşıb. Bölgə təmsilçisinin rəqiblərinə gəlincə, "Anderlext" (Belçika) 37-ci (45,080), "Sent-Etyen" (Fransa) 62-ci (29,133), "Maynts" (Almaniya) isə 95-cidir (19,213).
Siyahıda yer alan digər klublarımız isə "Neftçi" (9,700 xalla 159-cu), "İnter" (5,950 xalla 220-ci), "Xəzər Lənkəran" (4,450 xalla 280-ci), "Kəpəz" (3,950 xalla 301-ci) və "Bakı"dır (3,700 xalla 309-cu).