Rahid Əmirquliyev: PAOK-la ilk oyun göstərdi ki...
"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-una qarşı keçirdikləri oyundan (2:0) jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- Hədəfinizə çatdığınızı demək olar?
- Bu oyunun həlledici olduğunu deməzdim. Qarşıdakı oyunlardan daha çoxş şey asılı olacaq.
- Amma PAOK-a bu oyunda qalib gəlməsəydiniz, şansınız çox azalacaqdı...
- Yenə də şans qalacaqdı. İstənilən halda çətin oyun keçdi. Rəqibin buraya uduzmağa gəlmədiyini bilirdik. Matça yaxşı hazırlaşmışdıq. Şadam ki, qalib gəldik. Biz bu oyunda hətta hətta ikinci qoldan da sonra arxayınlaşmadıq. Baxmayaraq ki, onu son dəqiqələrdə vurduq. Qol buraxmaq istəmirdik.
- Təkbətək çıxanda qol vuracağınıza əmin idiniz? Çünki qapıçılar adətən belə epizodlardan qalib ayrılırlar...
- Öncə qapıçını aldatmağı düşünürdüm. Amma boşluq olduğunu görən kimi dərhal zərbə endirməyə qərar verdim.
- Bu qələbə Yunanıstandakı səfər oyunu öncəsi sizin üçün əlavə stimul ola bilər?
- İstənilən qələbə stimuldur. Amma yunanlarla növbəti oyundan öncə çempionat matçımız da var.
- Tofiq Bəhramov adına stadionun qazonu necə idi?
- Ötən oyunlarla müqayisədə, bu dəfə yaxşı idi.
- Artıq PAOK-u daha yaxşı tanıyırsız. Onları səfərdə də məğlub etmək mümkün olacaq?
- Yunanıstanda da maksimum nəticə qazanmağa çalışacağıq. Amma ilk oyun göstərdi ki, bu rəqib çox güclüdür. PAOK yaxşı top saxlayır. Sadəcə, bu gün biz onlara çox imkan yaratmadıq.