Kristof Qaltye: Qəbələyə layiqli şəkildə qalib gəldik
Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristov Qaltye Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Oyuna öz iş kabinetimdə baxdım. Komandanın oyununu televizor vasitəsilə izləmək heç də xoş deyil. Bu, köməkçilərimə sərbəst çalışmağa da imkan yaratdı. Biz oyuna yaxşı yanaşdıq və komandamız layiqli qələbə qazandı. Qələbədən çox razıyam. Baxmayaraq ki, daha gözəl formada qalib gəlmək olardı. Bu qələbə bizim üçün önəmlidir. Qarşılaşmanın əvvəlində hesabı açmaq imkanımız olsa da, dəqiqlik çatmadı. Ümumiyyətlə, bu oyunda qol vurmaq üçün çox şansımız var idi. "Qəbələ" ilə cavab oyununda da müsbət nəticə qazanmalıyıq. Artıq rəqibimizi daha yaxşı tanıyırıq".