Vladimir İviç: Başqa nəticə gözləyirdik
Yunanıstanın PAOK klubunun baş məşqçisi Vladimir İviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:2 hesablı yenilgi ilə bağlı bunları söyləyib:
- İlk dəqiqələrdən öz oyunumuzu qura bilmədik və buna görə də qarşılaşmanı məğlub başa vurduq. Belə nəticəni gözləmirdik. Başqa nəticə düşünürdük. Amma alınmadı.
- Komandanız toparlamağa çalışırdı, amma sonradan yenə oyunu itirirdi...
- Razıyam, ilk hissədə daha diqqətli idik. Hətta 2 real qol şansımız oldu. Təəssüf, sonda qol vura bilmədik. Futbolçularımız rəqib müdafiəçilər tərəfindən yaxşı bağlanılmışdı. Bizim üçün uğursuz gün oldu. İstədiklərmizi həyata keçirə bilmədik. Amma şanslarımız öz əlimizdədi. Bu yenilgiyə görə məsuliyyəti üzərimə götürürəm.
- Bisesvar nə üçün start heyətində deyildi?
- Mən belə qərar verdim. O, son 3 oyunda özünü yaxşı tərəfdən göstərə bilməmişdi.
- Komandanızda qələbə istəyi görünmürdü...
- Bəli. İlk dəfədi ki, komandamı bu cür passiv görürdüm.
- PAOK bu oyunla qrupda nəyə ümid edir?
- Çətin qrupda yer almışıq. Qrupdakı komandaların dəyərli futbolçuları var. Amma hər şey özümüzdən asılıdı. Növbəti 3 oyunumuzdan 2-si evdədi. Bundan yararlanıb, uğur qazanmağa çalışacağıq.
- Əsas heyətin 7 futbolçusunu bəzi səbəblərdən meydana buraxmamışdınız. Bu, məğlubiyyətdə rol oynadımı?
- Bunu səbəb kimi göstərmək olmaz. 7 futboçlunun yoxluğu fikri ilə razı deyiləm. Bu gün cəmi 3 əsas heyət oyunçumuz meydanda deyildi. Amma bu, səbəb deyil.
- 3 gün sonra “Olimpiakos”la matça çıxacaqsız...
- Yorğunluğu məğlubiyyətə səbəb kimi göstərmək istəmirəm. Komandada yorğunluq yoxdur. Sadəcə, bu məğlubiyyətdən nəticə çıxarmağımız lazımdır.