Ağasəlim Mircavadov: PAOK-a Bakıda qalib gəlmək lazımdır, Sent-Etyen də Anderlext deyil
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun azerisport.az saytına müsahibəsi
- MK-nın qarşıda hansı planları var?
- Premyer Liqada çıxış edən klubların futbol akademiyalarını araşdırırıq. Bu həftə Qəbələdə olduq. Bununla bağlı AFFA rəhbərliyinə hesabat hazırlayırıq. Növbədə "Kəpəz"dir.
- Azərbaycan yığmasının sabiq müdafiəçisi Mahir Şükürovun bir ildən çox fasilədən sonra 34 yaşında futbola qayıtmasını necə qarşıladınız?
- Futbolçunun yaşına heç vaxt baxmıram. Mənim üçün əsas onun gördüyü işdir. O, komandaya kömək edə biləcəksə, yaşından danışmağa dəyməz. Görün Canluici Buffonun neçə yaşı var, amma yenə də peşəkar səviyyədə oyun sərgiləməyə davam edir.
- Bəlkə Mahiri Buffonla müqayisə etməyək. Çünki Şükürov ola bilsin ki, pulu bitdiyi üçün uzun fasilədən sonra yenidən futbola qayıtmağa qərar verdi...
- Əlbəttə, fərqli situasiyalardır. İtaliyalı fasiləsiz futbol oynayır. Amma Şükürovda xarakter var. Məşqlərdə üzərində çalışandır. Heç də yaxşı günlərini yaşamayan "Neftçi"yə kömək edə biləcəksə, qoy oynasın.
- Yəqin ki, daha güclü çempionatda belə futbolçunu heyətə qaytaran klub tapılmazdı...
- "Neftçi" ona böyük ümidlər bəslədiyi üçün geri qaytardı.
- Cavid Hüseynov da 14 aylıq fasilədən sonra "Qəbələ"yə qayıtdı. Onunla da bağlı vəziyyət fərqlidir...
- Hüseynov məcburiyyətdən futbol oynaya bilmirdi. Həbsxanaya düşənə qədər o, "Qəbələ"nin, Azərbaycan yığmasının lideri idi. Ona bir qədər çətin olacaq. Çünki o, məşq və oyun təcrübəsi baxımından üzləşdiyi çətinliklərlə yanaşı, psixoloji problemlərlə də üzləşə bilər. Amma zəhmətkeş futbolçudur. Onu hələ "Turan"da çıxış etdiyi dövrdən xatırlayıram. "Xəzər Lənkəran"ın baş məşqçisi olanda hətta komandamda görmək istəyirdim. Lakin bu təklifdən imtina etdi, paytaxtda oynamaq istədiyini bildirdi. Səhv etmirəmsə, sonda "İnter"i seçdi.
- Şəkillərdə onun pis formada olmadığı görünür...
- Hə, bunu mən də hiss etdim. Adətən, insanlar oradan fərqli vəziyyətdə çıxırlar. Görünür, öz üzərində çalışıb. Məncə, o, yenə də əvvəlki səviyyədə oynayacaq. "Qəbələ" onunla yenidən müqavilə imzalamaqla uduzmayacaq. Amma əsas onun psixoloji durumunu yaxşılaşdırmaqdır.
- "Qəbələ"ni qarşıda Avropa Liqası çərçivəsində Fransa "Sent-Etyen"i ilə səfər oyunu gözləyir. Bu oyunda komandaya nəinki Cavid, hətta Rəşad Sadiqov, Baqali Dabo, Nika Kvekveskiri də kömək edə bilməyəcək.
- Hər biri əsas heyət üzvüdür. Onların komandanın uğurlarında payı böyükdür. Çox ciddi itkidir. Amma mənə elə gəlir ki, "Sent-Etyen" də "Anderlext" deyil. Belçikalılar daha güclü idilər. "Qəbələ" bütün bu çətinliklərə baxmayaraq, fransızlara layiqli müqavimət göstərə bilər.
- Bəs Bakıda Yunanıstan PAOK-unu qəbul edəcək "Qarabağ"dan nə gözləyirsiniz?
- Ötən mövsüm PAOK-u "Qəbələ" ilə oyunlarda görmüşdük. Ortabab komandadır. Onları öz meydanımızda məğlub etmək olar və məğlub etmək lazımdır. Komandamızın açılması üçün bircə qələbə lazımdır. Qalib gəlsələr, qrupdan çıxmaq şansları artacaq.