Sergey Zenyov: İstərdim ki, vurduğum qollar Qəbələyə qələbə gətirsin
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Maynts" klubuna qarşı keçirdikləri oyundan (2:3) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- Oyun barədə nə deyə bilərsiniz?
- Oyun haqda danışmaq ağırdır. Ən çox üzücü olan da hesabda öndə olduğumuz bir görüşdə məğlub olmağımızdır. Bəlkə də ikinci qolu tez buraxmasaydıq, qarşılaşma başqa hesabla başa çatardı.
- Sonda səviyyə fərqi sözünü dedi?
- Prinsipcə, elədir ki, var.
- Klubunuzun vitse-prezidentinin sözlərinə görə, "Maynts"ın büdcəsi "Qəbələ"ninkindən səkkiz dəfə çoxdur. Bu, meydanda hiss olunurdu?
- Xeyr, meydanda pul hiss olunmadı (gülür). Amma Almaniya təmsilçisinin keyfiyyətli komanda olduğunu görünürdü.
- "Bakcell Arena"da qol duyumunuz yaxşı işləyir. Bu oyunda da qol vurdunuz. Şəxsi uğurlarınız sizin üçün nə dərəcədə önəmlidir?
- Burada qol vurmaq məndə yaxşı alınır. Buna görə də şadam. Amma istərdim ki, komandam mən vurduğum qollardan sonra qalib gəlsin.
- Qarşıda Fransa "Sent-Etyen"i ilə həlledici oyunlarınız var. Bu oyunlarda xal qazanmaq üçün nəyi dəyişmək lazımdır?
- Buna artıq baş məşqçi qərar verəcək.
- Şansınızın azaldığını düşünmürsünüz?
- Təbii ki, hər məğlubiyyətdən sonra şansımız bir o qədər azalır. Bundan sonrakı matçlarda qələbə qazanmaqdan başqa çıxış yolumuz qalmayıb.
- "Qarabağ"la çempionat oyunundan nə gözləyirsiniz?
- "Qarabağ"la oyun bizim üçün çox vacibdir. Həlledici xarakter daşıyan bir matç olacaq. Bu oyuna tam ciddi yanaşmalıyıq.
- Sizin üçün Avroliqada uğurlu çıxış etmək önəmlidir, ya Azərbaycan çempionatında qızıl medalları qazanmaq?
- Hər iki turnir bizim üçün önəmlidir. Onları bir-birindən ayırmaq istəməzdim. İştirak etdiyimiz hər turnirdə uğur qazanmaq istəyirik. Avroliqada şansımızın az və ya çox olmasından asılı olmayaraq, sonadək mübarizə aparacağıq.