Filip Ozobiç: Avroliqada hər səhv qolla nəticələnir
"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Maynts" klubuna qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- "Maynts"la oyundan sonra özünüzü necə hiss edirsiniz?
- Məyusuq. Amma nə etmək olar. İki gün sonra "Qarabağ"la oyunumuz var. Bu oyunu unudub, qarşıdakı matçı düşünməliyik. "Qarabağ"a qalib gəlmək lazımdır.
- Bəs bu oyunda uğur qazanmağınıza nə mane oldu?
- Biz məğlubiyyətə layiq deyildik. Yəqin ki, rəqib bizdən daha güclü idi.
- Amma siz özünüzdən güclü olan rəqibə iki qol vurdunuz...
- Bizdə uğur qazanmaq üçün azacıq nəsə çatmadı. Ustalıq və səviyyə fərqi bu oyunda həlledici rol oynadı. Premyer Liqada altı oyunda qol buraxmaya bilərik. Amma Avropa Liqası tam fərqli səviyyədir. Burada hər səhv qolla nəticələnir.
- Deməli, çempionatda qol buraxmayan Dmitri Bezotosnının Avroliqadakı iki oyunda qapısından 6 top çıxarması səviyyə fərqinin nəticəsidir?
- Əlbəttə. Amma yenə də Avropa Liqasının qrup mərhələsində ilk qələbəmizə çox yaxın idik.
- "Maynts" güclüdür, ya "Qarabağ"?
- Məsələ burasındadır ki, "Qarabağ"la hələ meydanda yollarımız kəsişməyib. "Qarabağ" da güclü komandadır. Bizi onlarla yaxşı oyun gözləyir. Qələbə qazanmaq istəyirik.
- Avroliqadakı iki məğlubiyyətdən sonra artıq tam olaraq Premyer Liqa barədə düşünmək olar?
- Avroliqada çox güclü qrupa düşmüşük. Amma biz güzəştə getmək istəmirik. Nə qədər çox xal toplasaq, o qədər yaxşıdır. Qarşıda hələ dörd oyun var.
- Qarşıdakı iki oyunu ardıcıl olaraq Fransa "Sent-Etyen"inə qarşı keçirəcəksiniz. Hansı ki, "Maynts"ın baş məşqçisi bu komandanı qrupun ən yaxşısı hesab edir...
- Fransızları iş başında görməmişəm. Amma istənilən halda onlardan xal almağa çalışacağıq.