Fariz Nəcəfov: Rəqiblərlə aramızda ciddi səviyyə və büdcə fərqi var
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Maynts" klubuna qarşı keçirdikləri oyundan (2:3) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- Oyunla bağlı nə deyərdiniz?
- Oyundan öncə uşaqlarla söhbətimiz olmuşdu, demişdik ki, bu oyunu uğurla başa vurmaq lazımdır. Qrupdan çıxmaq şansımızı saxlamaq üçün buna məcbur idik. Maraqlı oyun alındı. Amma bir sıra qol vəziyyətindən yaxşı yararlana bilmədik.
- Çoxlu səhvlər var idi. Oyundan razı qaldınız?
- Hər kəs səhv edə bilər. Bütövlükdə, oyundan razı qaldım.
- İki məğlubiyyətdən sonra şanslarınız barədə nə deyə bilərsiniz?
- Şans hələ də var. Bu şansdan sonadək yararlanmağa çalışacağıq.
- Avroliqadakı uğursuzluq çempionatdakı çıxışınıza təsir göstərməyəcək? Ötən mövsüm məhz bunun komandanıza çox mənfi təsiri oldu...
- Bu komandaları müqayisə etməyəcəyəm. İndi tamamilə fərqli heyətimiz var. İnanıram ki, ötən mövsüm buraxdığımız səhvləri təkrarlamayacağıq.
- Nika Kvekveskiri ilə Teo Uiksin yoxluğu hiss olunurdu?
- Ötən oyunda olduğu kimi, bu görüşdə də onların yoxluğu özünü göstərdi. Çünki elə də çox futbolçumuz yoxdur. Məğlubiyyətimizin də əsas səbəblərindən biri məhz budu.
- Komandaya qrupdan çıxmağa nə çatmır?
- Rəqiblərlə səviyyə fərqi. Həm də büdcələr arasında çox böyük fərq var. Rəqiblərimizin büdcəsi bizimkindən 8 dəfə çoxdur. Amma biz buna rəğmən, yenə də baş-başa oyun sərgiləyə bilirik.
- Dmitri Bezotosnı çempionatda altı oyunda bir dənə də qol buraxmayıb. Amma Avroliqada 2 oyuna 6 qol buraxıb...
- Bunlar tam fərqli turnirlərdir. Çempionatımızı inkişaf etdirmək lazımdır. Hər halda biz bu heyətlə maksimuma nail oluruq.
- Bu heyət çempionatdakı liderliyi qorumağınız üçün yetərli olacaq?
- Çempionat göstərəcək. Klub rəhbərliyi komandanın uğurlu çıxış etməsi üçün əlindən gələni edir.