Andrey Popoviç: Klubsuzam, fərdi məşq edirəm
Azərbaycan yığmasının və "Qəbələ"nin sabiq qapıçısı Andrey Popoviç hazırkı işləri ilə bağlı məlumat verib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ukraynaya evə qayıtmışam. Hələ ki, klubsuzam, fərdi məşq edirəm. "Qəbələ"dən ona görə ayrıldım ki, mənə güvənmirdilər. Roman Qriqorçuk öncə məni əvəzedici komandaya göndərdi. Eşidirdim ki, mənim içki içdiyimi deyirmişlər. Onların söhbətləri məni maraqlandırmır. İnsanları mənim oyunum yox, şəxsi həyatım maraqlandırırsa, daha nə deyim? Kim mənim yığmanın qapıçısı olduğumu xatırlayır? Siz elə bilirsiniz ki, indi kimsə Popoviçin harada olduğu ilə maraqlanır? Mənə elə gəlir ki, bunu hamı unudub. Bəzi təkliflər alsam da, elə danışıq səviyyəsində qaldı, heç biri rəsmiləşmədi. Azərbaycan klubları ilə maraqlanıram, "Qəbələ"nin, "Qarabağ"ın avrokuboklardakı çıxışını izləyirəm. Ümid edirəm ki, hər ikisi qrupdan çıxar. Onların çempionatdakı rəqabətinə gəlincə, "Qəbələ"yə azarkeşlik edirəm. Onlara çempion olmağı arzulayıram".