Prosineçki Bursasporun forvardını millimizə dəvət etməyəcək
29 sentyabr 2016 13:40
Türkiyənin "Bursaspor" klubunun hücumçusu Dəniz Yılmaz uzun müddətdir əziyyət çəkdiyi zədəsini sağaldıb. Azerisport.az xəbər verir ki, artıq o, komanda ilə məşqlərə də start verib.
Amma onun oktyabrın 1-də Türkiyə Super Liqasının 6-cı turu çərçivəsində "Qaziantepspor"a qarşı oynaması sual altındadır. Məsələ burasındadır ki, Dəniz oyun təcrübəsinin az olmasından əziyyət çəkir.
Qeyd edək ki, FİFA D.Yılmazın Azərbaycan yığmasında oynamasına razılıq verib. Amma baş məşqçi Robert Prosineçkinin onu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç (8 oktyabr) və Çexiya (11 oktyabr) ilə oyunlara çağırması inandırıcı görünmür.