Əfran İsmayılov: Bizi heç-heçə də qane edəcək, amma qələbə istəyirik
"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın "Fiorentina" klubuna qarşı keçirəcəyi oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- Komandada atmosfer necədir?
- Əla atmosfer var. Bütün oyunçularımız matça hazırdır. İtaliyada uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Oyun ərəfəsində həyəcan var?
- Məsuliyyət var. Nəticə qazanmaq istəyirik. "Fiorentina" güclü və maraqlı komandadır. Avrokuboklarda zəif komanda olmur. Bütün rəqiblərə eyni gözlə baxmaq lazımdır. "Slovan"la matça necə hazırlaşırdıqsa, "Fiorentina" ilə oyuna da elə yanaşırıq.
- Sizi Florensiyada necə qarşıladılar?
- Yaxşı qarşıladılar. Sadəcə, uçuş uzun sürdü.
- "Fiorentina"dan xal almağınız nə dərəcədə realdır?
- Belə güclü komandadan xal almağın çətin olacağını bilirik. Amma meydana maksimum nəticə üçün çıxacağıq. Qrupdan çıxmaq istəyiriksə, qələbə qazanmalıyıq. Fikrimcə, "Fiorentina"dan xal və xallar almaq tamamilə raldır. Futbolda hər şey mümkündür. Bizi səfərdə hətta heç-heçə də qane edəcək, amma qələbə qazanmaq istəyirik. Rəqibdən çəkinmirik. Öz oyunumuzu göstərmək istəyirik.
- İtaliya mətbuatının yazdığına görə, "Fiorentina" meydana ikinci heyətlə çıxacaq...
- Söhbət "Fiorentina"dan gedirsə, burada birinci və ya ikinci heyət anlayışı yoxdur. Belə komandalarda ehtiyat oyunçu olmur. Belə klubların bütün futbolçuları güclü olur. Bizim üçün vacib olan isə ilk növbədə öz oyunumuzu düşünməkdir. Rəqibin meydana hansı heyətlə çıxacağı isə bizim üçün elə də önəm daşımır.
- "Qarabağ" Florensiyada hücum futbolu oynayacaq, ya müdafiə?
- Bunu baş məşqçimiz daha yaxşı bilər. Biz onun tapşırdıqlarını etməyə çalışacağıq. Bizim öz oyun sistemimiz var.
- Rəqibin heyətində ehtiyatlandığınız futbolçu var?
- Ayrıca bir oyunçu haqda danışmaq istəmirəm. "Fiorentina"nın bütün futbolçuları yüksək səviyyəlidir.