Baqali Dabo: İlk oyunda uduzduğumuza görə, Mayntsa Bakıda qalib gəlməliyik
"Qəbələ"nin hücumçusu Baqali Dabo Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilmiş "Zirə" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- 2 cavabsız qolla qalib gəldiyiniz oyunu necə şərh edərdiniz?
- Yaxşı oyun alındı. "Zirə" ilk dəqiqələrdən kompakt oynamağa çalşırdı. Bu üzdən də onların müdafiə xəttini yarmaq çətin idi. Amma qoldan sonra onlar daha açıq futbol oynamağa başladılar. Biz də bundan yararlanıb daha bir qol vurduq, qələbə qazandıq.
- İndiyə qədər keçirdiyiniz altı oyundan ən çətini hansı olub?
- "İnter"lə oyun. Hansı ki, həmin görüşdə iki xal itirdik. Bu komandanın heyətində çox yaxşı oyunçular var.
- "Qəbələ" cari mövsümdə bir dənə də qol buraxmayıb...
- Bu, çox yaxşı göstəricidir. Deməli, biz hər şeyi düz edirik.
- Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Maynts" klubuna qarşı keçirəcəyiniz oyundan nə gözləyirsiniz?
- Onları öz meydanımızda qəbul edəcəyik. Qrupdakı ilk oyunumuzda uduzduğumuza görə, "Maynts"a Bakıda qalib gəlməliyik. Bu, bizim üçün çox vacib oyundur.
- Bundan əvvəlki oyununuzda - "Sumqayıt"la görüşdə vurduğunuz ilk qol epizodu böyük mübahisələrə səbəb oldu...
- Ola bilər ki, həmin epizodda ofsayd olsun. Amma bunu dəqiq deyə bilmərəm. Çünki orada top uğrunda mübarizə gedirdi.