Şahin Diniyev: Rəqibdən çəkinmədik, yaxşı oynadıq
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Oyundan öncə də demişdim ki, müdafiədə oturmaq istəmirik. Rəqib hücumda yaxşı çıxış edir, topa yaxşı nəzarət etməyi bacarır. Çünki fərdi cəhətdən güclü futbolçulara malikdirlər. Bu gün onların hücumlarına məhz hücumlarla cavab verməyə çalışdıq. Uşaqlar sağ olsunlar ki, rəqibdən çəkinmədilər, yaxşı çıxış etdilər. Fikrimcə, bu oyun "Qarabağ"a Avropa Liqasında İtaliya "Fiorentina"sı ilə oyuna hazırlaşmaq yolunda da çox kömək olacaq.
Fikrimcə, buraxdığımız qol epizodunda Şəhriyar Əliyevin yoxluğu özünü hiss etdirdi. O, meydanda olsaydı, həmin anda lazım olan yerdə olardı. Orxan Əliyev yaxşı oynadı. Sadədə, yorulduğu üçün əvəzləndi. Bu mövsüm əminliklə avrokuboklar uğrunda mübarizə aparmaq gücündə olduğumuzu deyə bilərik. Sadəcə, kiçik səhvlər üzündən xallar itiririk. Yeni futbolçularımız hələ tam olaraq oyunumuza uyğunlaşmayıblar. Evdə uduzmuruq. Bu yaxşıdır. Amma daha çox qələbə qazanmağımız lazımdır". (CBC)