Vitali Borisov: Portuqaliya İspaniya deyil, ən yaxşı nəticəyə ümid edirəm
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisovun azerisport.az saytına müsahibəsi
- Bu gecə dünya çempionatının 1/4 finalında Portuqaliyaya qarşı oyununuz var. Rəqibin heyətində yer alan Rikardinyo kimi planetin ən güclü oyunçusunu necə zərərsizləşdirməyi düşünürsünüz?
- Portuqaliya TOP-də yer alan komandadır. Rikardinyo da dünyanın ən yaxşı oyunçularındandır. Onu neytrallaşdıra bilsək, yaxşı olacaq. Amma hər halda Portuqaliya İspaniya deyil. Hansı ki, ispanların hər bir oyunçusu təhlükəli idi.
- Millimizin heyətində ciddi itkilər var. Komandanın liderlərindən Rövşən Hüseynli, Vassura və Fineo bu oyunu buraxacaq. Onlarsız çətin olmayacaq?
- Bu oyunçuların yoxluğu bizim üçün ciddi itkidir. Ümid edirəm ki, meydançaya çıxacaq digər oyunçularımız qələbə qazanmağımız üçün əllərindən gələni edəcəklər. Optimistəm. Ən yaxşısına ümidliyəm.
- 1/8 finalda Tailanda qarşı oyun (13:8) barədə nə deyə bilərsiniz?
- Həmin oyun da çox maraqlı alındı. Xüsusilə də azarkeşlər üçün. Amma komandamız üçün ən çətin görüşlərdən biri idi. Şadam ki, həmin görüşü qalib başa vura bildik.
- Həmin oyunda əsas üstünlüyümüz nədə idi?
- Vaxtında qol vura, üstünlüyə yiyələnə bilirdik. Matçın əsas vaxtında da qələbəni təmin edə bilərdik. Amma alınmadı və qarşılaşmanın qalibi əlavə vaxtda müəyyənləşdi.
- Tailand hətta iki top fərqi ilə önə də keçmişdi. Həmin anda nə düşündünüz?
- Düzdür, həmin anda uduzacağımıza dair ehtimallat yarandı. Amma istənilən halda mən komandamıza inanırdım.
- Razısınız ki, Tailanda məğlubiyyət yığmamız üçün uğursuzluq sayılacaqdı?
- Əlbəttə. İspaniya, İran, Mərakeş kimi komandaların yer aldığı qrupdan ikinci yerlə çıxdıqdan sonra Tailanda məğlubiyyət fiasko olardı.
- Yeri gəlmişkən, qollardan birini də siz vurdunuz...
- Qolu kimin vurması önəmli deyildi. Əsas olan Azərbaycan xalqını sevindirmək idi.