“Dəvətin davamlı olmasını istəyirəm”
Mütəmadi olaraq “Kəpəz”in əsas komandasına əvəzedici heyətdən futbolçular dəvət olunur. Azerisport.az xəbər verir ki, baş məşqçi Şahin Diniyevdən son belə çağırış Qaraxan Əliyevə olub.
Gənc müdafiəçi ötən tur “Sumqayıt”a qarşı matçda “18-lik”də yer alıb. Əliyev klub saytına əsas komandaya dəvət edilməsindən danışıb: “Əsas komandaya dəvət aldığıma görə sevincimin həddi-hüdudu yox idi. Dəvət üçün əvəzedicilərin məşqçilər korpusuna, əsas komandamızın çalışdırıcısı Şahin Diniyevə minnətdaram. Mənə belə şansın verilməsi üçün var gücümlə məşq edirdim. Hər bir gəncəli futbolçunun arzusu “Kəpəz”in formasını geyinməkdir. Əsas komandaya tez-tez çağırılmaq üçün öz üzərimdə hələ çox işləməliyəm. Dəvətin davamlı olmasını istəyirəm. Düzdü, rəqabət güclüdür, amma mən bundan çəkinmirəm. Çünki istər-istəməz hər bir komandada rəqabət var”.