Şahin Diniyev: Əlimizə fürsət düşdükcə hücum etməliyik
Gəncədə keçirilən son məşqlə “Kəpəz” doğma meydanda “Qarabağ”la qarşılaşacağı matçın hazırlığını tamamlayıb. Azerisport.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini klub saytı ilə bölüşüb:
“Rəqib kimi “Qarabağ”ın adı bəs edir. Ağdam klubu çempionatımızın ən güclü komandasıdır. Nəinki Premyer Liqada, Avropada göstərdiyi oyun ortadadır. Yüksək səviyyəli futbolçuların birliyindən yaranan komandadır. Onlara qarşı oyun ona görə bizim üçün çox çətin olacaq. “Qarabağ” oyunu daha çox hücumda keçirir, amma bu o demək deyil ki, biz müdafiədə oturacağıq. Əlimizə fürsət düşdükcə hücum etməliyik. Təkcə müdafiədə oturmaqla uğur qazanmaq olmur. Düşünürəm ki, azarkeşlər futbolun hər bir komponentini özündə birləşdirən maraqlı oyun görəcəklər”.