Vüqar Latviyada daha bir qol vurdu, komandası büdrədi
Futbol üzrə Latviya birinci liqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Tukums" ilə qarşılaşıb. Uzun müddət idi xal itirməyən futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Vüqar bu oyuna start heyətdə çıxıb və 90 dəqiqə oynayıb. Orxan isə 23-cü dəqiqədə meydana daxil olub.
Komandasının bombardiri olan Vüqar bu oyunda da qol vurub. O, 43-cü dəqiqədə hesabı bərabərləşdirib - 1:1. Amma onun bu qolundan sonra tərəflər daha bir dəfə fərqləniblər.
Bununla da millimizin sabiq forvardı vurduğu qolların sayını 31-ə çatdırıb. Həsənəliyev isə cari mövsümdə 9 qol vurub.
Qeyd edək ki, geridə qalan turlarda 50 xal toplayan "Olayne" 15 klub arasında 2-ci pillədə qərarlaşıb.